Çin istehsalı avtomobilləri alan sürücülər nələrə diqqət etməlidir?

Redaksiya
Çin istehsalı avtomobilləri alan sürücülər nələrə diqqət etməlidir?

“Çin istehsalı olan avtomobilləri alan sürücülər bəzi hallarda problemlərlə qarşılaşır. Azərbaycanda servis xidməti olmayan markalar var ki, alıcıları ehtiyat hissələri ilə təmin edə bilmir”.

Bunu “Operativ Media”ya açıqlamasında Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycanda son iki ildə Çindən 25 mindən çox avtomobil idxal edilib. Bu isə ümumi ölkəyə idxal edilən avtomobillərin 10 faizi qədəridir. 

“Son aylar ərzində isə ən çox satışa təklif olunan 0 kilometr yürüşlü avtomobillər arasında Çin istehsalı olanlar liderdir. Dövlət statistika komitəsinin rəsmi məlumatına əsasən 2023 cü ildə ölkəyə 1,5 milyard dollarlıq avtomobil idxal edilib. Bu avtomobillər arasında 255 milyon dollarlıq Çin avtomobili alınıb. Azərbaycan bazarı üçün yeni olan bir çox markalar özünə alıcı tapa bilib. Lakin bu avtomobillər xüsusilə təmir və ehtiyat hissələri baxımından əlçatan deyillər. Rusiyanın avtomobil sənayesi demək olar ki, çöküb. Bu Rusiya avtomobillərinin yerini müxtəlif bazarlarda, həmçinin Azərbaycanın avtomobil bazarlarında Çin istehsalı maşınlar yerini tutub.

Çin istehsalı olan avtomobillərlə bağlı ən çox şikayətlər budur ki, qəza baş verir, yaxud da hansısa problem olur, amma nə ehtiyyat hissələrini nə də ki, ustasını tapmaq olur. Bu vətəndaşların ən çox şikayət etdiyi mövzudur”.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, Azərbaycanda böyük bazar payı olan tanınmış brendlər var ki, onların da Çində yığılan modelləri son illərdə bazarda artıb. Eyni marka eyni model avtomobil Avropa ölkələrindən deyil, Çindən alınarsa, satış qiyməti 30 faiz daha ucuz başa gəlir. Elə buna görə də, alıcılar avtomobilin hansı bazar üçün istehsal olunmasına baxmayaraq ucuz olanı seçirlər.

 “Rəsmi qaydada Azərbaycanda Avropa spesifikasiyalı avtomobilləri satan sahibkarlara ziyan vururlar. Çünki, onlar həmin avtomobilləri sata bilmir. Çindən gələn avtomobillər iyirmi, otuz faiz ucuza gətirirlər. Amma, onların heç bir zəmanəti olmur. Sonra problem yarandıqda vətəndaşın üstündə qalır. Bunları mütləq bilmək lazımdır. Ona görə ki, sonra kimsə buna görə cavabdehlik daşımır. Mütləq qaydada tövsiyyə edirik ki, rəsmi dillerdən avtomobil alsınlar. Azərbaycan bazarı daha çox Avropa üçün istehsal olunan avtomobillərə uyğundur. Bu özünü bir çox nüansda göstərir”.

Digər xəbərlər