Avtomobillərin utilizasiyası niyə aparılmır?

Redaksiya
Avtomobillərin utilizasiyası niyə aparılmır?

Son iki ildə Azərbaycana 160 mindən çox avtomobil idxal edilib. Ölkəyə idxal edilən avtomobillərin sayı hər il artsa da, ölkə ərazisində olan avtomobillər nə utilizasiya edilir, nə də hər hansısa ölkəyə ixrac edilir. Son rəqəmlərə əsasən 1 milyon 800 mindən çox avtomobil paytaxt və bölgələrdədir. Maraqlısı burasındadır ki, köhnə avtomobillərin sıradan çıxarılması üçün bu ildən hətta utilizasiya haqqı da alınır. Amma proses icra olunmur. 

“Operativ Media”ya açıqlama verən nəqliyyat məsələləri üzrə ekseprt Ərşad Hüseynovun sözlərinə görə, ölkənin avtomobil parkının təxminən 40 faizini köhnə nəqliyyat vasitələri təşkil edir. Lakin ölkə ərazisində bu avtomobillərin utilizasiyasını həyata keçirmək üçün hər hansısa müəssisə yoxdur. Elə utilizasiya prosesinə başlanılmamasının bir səbəbi də budur.

“Köhnə avtomobillərlə bağlı problemləri aradan qaldırmaq üçün onların utilizasiya nəzərdə tutulub. Avtomobillərin təkrar emalı üçün yeni istehsalat sahəsinin formalaşmasına ehtiyac var. Müəssisə yaradılmalı və həmin avtomobilləri qəbul etməlidir. Bu müəssisələr avtomobili  təyinatına uyğun parçalaya bilməlidir. Onun mühərrikindəki və digər yerlərindəki texniki mayelər var ki, onu təhlükəsiz şəkildə götürə bilməlidir. Yəni burada ilkin də olsa, emal işi görülməlidir. Yəni kadrlar da görürük avtomobil gəldi əzdilər bitdi, əslində bu belə olmur. Avtomobilin şüşəsi, plastik hissəsi ayrılmalıdır. Metal hissələr ayrı çeşidlənməlidir. Hətta metal hissələrin fərqli tərkibləri olduğuna görə, ayrıca qruplaşdırılmalıdır. Bunun üçün isə ixtisaslaşmış müəssisə qurulmalıdır”

Hazırda avtomobil parkında yaşı 10-dan az olan avtomobillərin sayı 20 faiz civarındadır. Ekspert deyir ki, ictimai nəqliyyatda mobilliyin istənilən səviyyədə olmaması da minik avtomobillərinin idxalını artıran səbəblərdən biridir. 

“Yetərincə metro yoxdur, metroların sayı azdır. Bu tək Bakıya aid deyil, Sumqayıt, Gəncə və digər rayonlarda da ictimai nəqliyyat təkmilləşdirilməlidir. Hətta rayonlararası yerdəyişmələrə də yenidən baxılmalıdır. Avtomobil parkının yaxşılaşdırılması, utilizasiya prosesinin sürətlə aparılması üçün ictimai nəqliyyat inkişaf eləməlidir. Məsələn Bakı və Abşeronun hər yerində şəbələkələşmiş avtobus marşrtutları olmalıdır. Tramvaylar bərpa oluna bilər. Belə olsa fərdi avtomobillərə maraq azalacaq”.

Digər xəbərlər