Meksika Ekvadordakı səfirlik xidmətlərini dayandırıb
Meksika hökuməti Ekvador polisinin basqınından sonra paytaxt Kitodakı səfirliyinin fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Açıqlamada Kito səfirliyinin xidmətlərinin qeyri-müəyyən müddətə dayandırıldığı və 18 meksikalı diplomatın kommersiya reysi ilə ölkəyə dönəcəyi bildirilib.
Həmçinin xaricdə yaşayan Meksika vətəndaşlarına qeydiyyat sistemi (Sirme) vasitəsilə xidmətin davam etdiriləcəyi, lazım gəldikdə Kolumbiya, Çili və Perudakı səfirliklərdən də kömək istəyə biləcəkləri bildirilib.
Meksika prezidenti Andres Manuel Lopez Obrador "X" sosial media hesabından verdiyi açıqlamada, "Ölkəmizin diplomatlarını gözləyirik, onlar tək deyil", - deyə qeyd edib.
Qeyd edək ki, dünən Ekvador polisi Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün onun 2022-ci ilin dekabrından bəri qaldığı Meksikanın Kito səfirliyinə basqın edib.
Səfirliyin Siyasi Məsələlər üzrə Mütəxəssisi Roberto Kanseko jurnalistlərə açıqlamasında Ekvador polisinin zorla içəri daxil olduğunu və şəxsi heyətə hücum etdiyini bildirib.
Meksika prezidenti Obrador deyib ki, Ekvador polisinin səfirliyə daxil olması milli suverenliyin açıq şəkildə pozulmasıdır.