Blinken: Çin Rusiyaya əsas silah tədarükçüsüdür
ABŞ dövlət katibi Antoni Blinken Çinin Rusiyanın müdafiə sənayesinə yardımını tənqid edib. Blinken əlavə edib ki, Pekin hazırda Ukraynaya qarşı müharibədə Rusiyanın əsas dəstəkçisidir, Kremli silah istehsalı üçün lazım olan komponentlərlə təmin edir.
"Operativ Media" xəbər verir ki, bu barədə "Amerikanın səsi" məlumat yayıb.
Məlumata görə, Blinken bu səylərin Soyuq Müharibə bitdikdən sonra Avropanın təhlükəsizliyinə ən böyük təhdid olduğunu vurğulayıb. İtaliyanın Kapri adasında keçirilən G7 xarici işlər nazirlərinin toplantısının sonunda mətbuat konfransında danışan Blinken Vaşinqtonun Çin və digər ölkələrə Rusiyanın Ukraynaya qarşı hərbi səylərini dəstəkləməmələri barədə çox açıq şəkildə xəbərdarlıq etdiyini bildirib.
"Rusiyanın hərbi-sənaye bazasına gəldikdə, hazırda Çin əsas investordur. Biz görürük ki, texniki vasitələr, yarımkeçiricilər və digər ikili təyinatlı mallar tədarük etməklə Çin Rusiyaya hərbi-sənaye bazasını bərpa etməyə kömək edir", - Blinken vurğulayıb.
ABŞ dövlət katibinin sözlərinə görə, Çin Avropa ölkələri ilə müsbət, dostluq münasibətləri qurmağa çalışmaqla yanaşı, eyni zamanda Soyuq Müharibə bitdikdən sonra Avropanın təhlükəsizliyinə ən böyük təhdid olan Rusiyanı da bəsləyir.
Almaniyanın xarici işlər naziri Analena Berbok da Blinkenin narahatlığını bölüşüb: "Çin Ukraynaya qarşı qeyri-qanuni müharibə aparan Rusiya ilə açıq şəkildə daha yaxın tərəfdaşlığa can atsa, biz buna dözə bilməyəcəyik".