
Azərbaycanda boşanmaların sayının çox olması nikah müqaviləsi məsələsini gündəmə gətirir. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanır. Bu, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Millət vəkillərinin fikrincə, nikah müqaviləsi icbari formata salınmalıdır.
Sosioloq Elçin Bayramlı “Operativ Media”ya açıqlamasında bu fikirlərə münasibət bildirib.
O deyib ki, nikah müqaviləsi bağlanması qanuna salına və məcburi edilə bilməz:
“Ailə mənəvi dəyərlər üzərində qurulan müqəddəs institutdur. Bu şirkət deyil, obyekt deyil ki, əmlakın bölünməsi və digər işlər üçün tərəflər müqavilə bağlasın. Nəinki məcburi etmək, bunu könüllü etməyi təbliğ etmək belə xalqa qarşı düşmənçilik, milli-mənəvi dəyərlərə qarşı terror olar”.
Sosioloqun sözlərinə görə, nikah müqaviləsi tibbi yoxlama ilə müqayisə edilməməlidir:
“Biri var ki, sağlamlığın yoxlanılmasıdır, evliliyə qadağa qoymur, uzağı müalicə olunurlar. Kimsə istəsə, müqavilə bağlaya bilər, bu qadağan deyil. Amma bu zaman tərəflər bilirlər ki, qurduqları ailə deyil, müvəqqəti yoldaşlıqdır. Boşanma zamanı əmlakın və s. bölünməsi məsələlərini isə qanunlarımız tənzimləyir, əlavə məsələlərə ehtiyac yoxdur. Bu təklif altşüura boşanmaların yerləşdirilməsi məqsədi daşıyır, yəni evlənən insanlar boşananda mənə nə çatacaq, ona nə qalacaq deyə düşünəcəklər. Sadəcə ailə qurmaq istəyənlər özlərinə sponsor və ya hər hansı şəkildə bəhrənəcəyi subyekt yox, həyat yoldaşı axtarmalı və düzgün adamla ailə qurmalıdırlar. O halda heç bir müqaviləyə ehtiyac olmayacaq”.
Sevinc İbrahimzadə