"Böyük Dəbilqə": Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulur
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək.
Operativ Media xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 5 idmançısı dörd çəki dərəcəsində mübarizə aparacaq.
Qadınların mübarizəsində 48 kq çəki dərəcəsində Könül Əliyeva 1/8 final mərhələsində özbəkistanlı Ulbusin Xakimova ilə qarşılaşacaq. 52 kq çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva isə 1/16 finalda rusiyalı Karina Yefimova ilə üz-üzə gələcək.
Kişilərin yarışında 60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/8 finalda sloveniyalı David Ştarkel və rusiyalı Nikita Anisimov arasındakı görüşün qalibi ilə qarşılaşacaq.
66 kq çəki dərəcəsində Rəşad Yelkiyev 1/16 finalda qırğızıstanlı Erbol Abasbekovla mübarizə aparacaq. Eyni çəkidə çıxış edən Ruslan Paşayev isə 1/8 finalda rusiyalı German Kobets və israilli Tom Simxayev arasındakı görüşün qalibi ilə üz-üzə gələcək.
Turnirin təsnifat mərhələsi saat 11:30-da, final bloku isə saat 18:00-da başlayacaq. Yarışlar Judo TV və CBC Sport kanallarında canlı yayımlanacaq.