Fuad Nağıyev: Azərbaycan Asiya-Sakit Okean regionu ilə turizm əlaqələrini genişləndirir
Azərbaycanın Asiya-Sakit Okean regionu ilə turizm əlaqələrini yeni mərhələyə qaldırmaq istiqamətində ardıcıl tədbirlər həyata keçiririk.
Operativ Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “PATA Hosted Buyers Baku 2026” sammitində bildirib.
O qeyd edib ki, sammitin Bakıda keçirilməsi Azərbaycanla Asiya-Sakit Okean regionu arasında turizm əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Biz PATA ilə sıx əməkdaşlıq edirik. Son illərdə assosiasiyanın Makao, İstanbul və Koreya Respublikasında keçirilən illik sammitlərində iştirak etmişik. Həmçinin Banqkok və Pekində təşkil olunan ‘PATA Travel Mart’ sərgilərində vahid milli stendlə Azərbaycanın turizm potensialını təqdim etmişik.
Pekində nümayəndəliyimizin açılması Azərbaycan turizm məhsullarının Asiya-Sakit Okean bazarlarına çıxarılması və tərəfdaşlarımızla davamlı əlaqələrin qurulması baxımından mühüm addımdır.
Həyata keçirdiyimiz ardıcıl tədbirlər nəticəsində Asiya-Sakit Okean regionu ilə turizm əlaqələrimizi yeni mərhələyə qaldırır, Azərbaycanın regionda aparıcı turizm məkanlarından biri kimi mövqeyini möhkəmləndirməyə davam edirik”, – deyə Fuad Nağıyev bildirib.