Millət vəkili: "Yaşıl iş yerlərinin açılması lazımdır"
Nərmin Qocamanlı
"Yaşıl iş yerlərinin açılması lazımdır. Mövcud olan ixtisaslarda da yaşıl təfəkkürün prinsiplərini formalaşdırmaq lazımdır".
“Operativ Media” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində konfransda Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
"Bu təfəkkürə malik məsuliyyət daşıyan gələcək nəsillərin də hüquqlarını təmin etməklə təbiət əsasında deyil, təbiətin qorunması və tullantısız iqtisadiyyatın yaradılması ilə məsul olan qərarlar qəbul edilməlidir. Bu gün Azərbaycan təhsili bu istiqamətdə xeyli işlər görüb və bu işlər davam etdirilir. Ancaq bu, təkcə təhsilin qarşısında duran məsələ deyil, bütövlükdə cəmiyyətin vəzifəsidir. Biz yaşıl cəmiyyətin formalaşdırılmasının aktuallaşacağını hesab edirik . Yaşıl cəmiyyətin formalaşdırılması bütün tərəflərin əməkdaşlığını və eyni zamanda məsuliyyətin bölüşdürülməsi və ardıcıl həyata keçirilməsi ilə bağlıdır. COP29 bizim qarşıya qoyduğumuz hədəflərə çatmağımıza imkan verəcək", - millət vəkili qeyd edib.