Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
Əsəd Abbaslı
Gürcüstanda bütün növ avtomobillərin Yuxarı Lars beynəlxalq keçid məntəqəsinə keçidinə məhdudiyyətlər tətbiq edilir.
"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“Sentyabrın 18-dən oktyabrın 2-si daxil olmaqla, saat 06:00-dan 09:00-dək Kazbeqi gömrük-keçid məntəqəsindən hər iki ölkə istiqamətində bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Kazbeqi Ticarət və Sənaye Palatasının ərazisinə bitişik beynəlxalq avtomobil yolunda təcili təmir işləri planlaşdırılır, bu səbəbdən iş zamanı nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq”, - məlumatda deyilir.
Bildirilib ki, bu saatlarda Gürcüstanın dövlət sərhədindən malların idxalı və ixracı, habelə fiziki şəxslər tərəfindən sərhədi keçməsi ilə bağlı prosedurlar həyata keçirilməyəcək.
Qeyd edək ki, “Kazbeqi - Yuxarı Lars” hazırda Gürcüstan-Rusiya sərhədində fəaliyyət göstərən yeganə gömrük keçid məntəqəsidir.