"Mərmər İnşaat" yaşıllıqları məhv etdiyinə görə cərimələnib
Nərmin Qocamanlı
"Mərmər İnşaat" ASC yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyi pozduğu üçün cərimələnib.
"Operativ Media"nın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.4 (Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş ASC ilə bağlı müraciətə baxılıb.
Hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər 1000 manat miqdarında, hüquqi şəxslər 3000 manat miqdarında cərimə edilir.