Menyu

Sən demə, Xocalıda da günəş doğurmuş

Nərmin Qocamanlı 21701 baxış
Sən demə, Xocalıda da günəş doğurmuş

Əvvəllər Xocalı deyəndə istər-istəməz üşüyürdüm. Elə bilirdim ki, Xocalı elə bir yerdir ki, orada əsla yay olmur. Heç vaxt günəş doğmur. Heç vaxt çiçəklər açmır. Orada həmişə soyuqdu. İllər sonra öyəndim ki, sən demə Xocalı heç də o qədər soyuq deyilmiş. Orada da günəş doğurmuş, çiçəklər açırmış. Sən demə, Xocalıda da kiminsə üzü gülə bilirmiş. 

33 il əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda insanlığın ən dəhşətli faciələrindən biri yaşandı. Həmin gecə erməni silahlı qüvvələri, Sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalını yerlə yeksan etdi. Yüzlərlə günahsız insan amansızcasına qətlə yetirildi.

O gün Xocalıda nə günəş doğdu, nə də çiçəklər açdı. O gecə Xocalıda yalnız qan axdı, fəryadlar yüksəldi, analar balalarını bağırlarına basaraq dondu, atalar isə güllələrin qarşısında aciz qaldılar. O gecə Xocalı susdu təkcə düşmən güllələrinin səsi eşidildi.

Xocalı yaralandı, amma ölmədi. Xocalı yandı, amma kül olmadı. İllər sonra Xocalıya yenidən həyat qayıtdı. Bu gün Xocalı öz şəhidlərinin ruhu qarşısında başı dikdir, çünki Xocalıya yenidən nəfəs verənlər var. Bu gün Xocalı dirçəlir, bahar Xocalıya geri dönür.

Sevinc Əzizova da bu gün Xocalıya dönənlər arasındadır. Onun artıq 61 yaşı var. O, 33 il əvvəl iki körpə uşağı ilə Xocalını tərk etmişdi. 

Xocalı sakini həmin xatirlərini Operativ Media ilə bölüşüb:


"1992-ci ilin fevral ayının 13-də mən Xocalını sonuncu təyyarə ilə tərk etdim. Bütün yollar bağlanmışdı. İki körpə uşağım var idi biri bir, o biri iki yaşında. Uşaqların yeməkləri yox idi. Yoldaşım özünümüdafiə batalyonunun döyüşçüsü idi və vəziyyət çox qorxulu idi. Ona görə məcbur qalıb yoldaşım olmadan Xocalını tərk etdim. Fevralın 11-dən 12-nə keçən gecə ermənilər qonşu kəndlərə hücum etmişdilər, insanları oradan zorla çıxarmışdılar. Biz artıq bilirdik ki, növbə bizə çatır. Yoldaşım qərar verdi ki, mən övladlarımla birgə Xocalını tərk edim, o isə burada qalsın. Biz aeroporta getdik və bir müddət təyyarənin gəlməsini gözlədik. Ümidimizi itirmişdik evimizə qayıtmaq istəyirdik. Amma birdən təyyarənin yaxınlaşdığını gördük. Yenidən aeroporta qayıtdıq. Təxminən 400 bəlkə də daha çox adam var idi: qocalar, uşaqlar, hamilə qadınlar... Mən 2 uşağımla təyyarəyə minməkdə gecikdim çarəsiz olaraq kənarda dayandım. Sonra oradakı insanlar məni görüb kömək etdilər. Uşaqları məndən alıb təyyarənin salonuna ötürdülər, sonra mən də təyyarəyə minə bildim. Beləcə Xocalını tərk etdik.

Fevralın 25-i 26-na keçən gecəyə qədər hər gün Ağdamda olmuşduq, Xocalıdan xəbər gözləyirdik. Lakin təəssüf ki, Xocalıdan xoş xəbər gəlmədi. Xocalı işğal olundu, böyük faciə baş verdi. Mən Xocalıda çox ağır itkilər verdim, 60-a yaxın tanışım və qohumum Xocalı faciəsinin qurbanı oldu. Ailəmizdən bir gündə 4 nəfər dəfn etdik. Yoldaşım öldürüldü, qayınım əsir düşdü. Yoldaşım Əsgəran polis şöbəsində qətlə yetirildi. Tankla üstündən keçdilər, bir tərəfini əzmişdilər.

İndi yenə fevraldır və bu ay yenə hamının dərdi təzələnib. Yenə qar yağır. Düzdür, o ilki kimi deyil, onda qar çox daha möhkəm yağırdı. Amma mənim üçün yenə həminki fevraldır. Sanki o günləri bizə xatırladır ki, belə bir gündə məni tərk etdiniz. İndi isə belə bir gündə azadam. Nə qədər ağır xatirələr olsa da bu gün Xocalının azad olması çox sevindiricidir. Gözümüz əzizlərimizi axtarıb tapa bilməsə də.

1992-ci ildə Xocalını tərk edəndə elə bilirdim ki, hər şey məhv olub. Amma 2024-cü ilin may ayında Xocalıya qayıdanda sanki boz dağ da yaşıllaşmışdı hər yer bizə xoş gəlmişsiniz deyirdi. Xocalıya gedəndə mənə elə gəldi ki, 30 il heç yaşamamışam. Mən Xocalını tərk edəndə evimizi təzə tikmişdik 30 ildən sonra evimiz təmir olunmuş şəkildə geri qaytarıldı. Ermənilər 30 il bizim evimizdə yaşamışdılar. Dövlətimiz evimizi təmir edib mənə geri qaytardı. Bəlkə də bu darıxmamaq bu doğmalıqdır ki, öz evimə, öz ocağıma qayıtdım.

Artıq demək olar ki, 10 aydır Xocalıdayam. Bu müddət ərzində yalnız iki dəfə Bakıya getmişəm. Heç Xocalıdan harasa getmək istəmirəm. Elə bilirəm ki, gedərəm, yollar bağlanar və bir daha evimə dönə bilmərəm. Ona görə, yalnız öz evimdə qalmaq istəyirəm. Təbii ki, çətinliklər olur, amma biz bu çətinliklərin öhdəsindən gələ bilərik. Dövlətimiz bizi rahat yaşamağımız üçün hər şeylə təmin edib, hər şey əla vəziyyətdədir. Bunun üçün dövlətimizə təşəkkür edirəm.

Həyat yoldaşım şəhiddir. Bu günü bizə yaşadan Xocalının azadlığına və bizim qayıtmağımıza vəsilə olan ordumuza, şəhidlərimizə, qazilərimizə, Prezidentimizə və bütün Azərbaycan xalqına təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin, şəhid analarına səbr versin. Mən şəhid analarının əllərindən öpürəm. Həyatları yarımçıq sönən gəlinlərimizin, qızlarımızın gözlərindən öpürəm. Onlara səbr diləyirəm. Həyat uzun və qəlizdir. Mən o ömrün müəyyən hissəsini yaşamışam. O illəri yaşamaq heç də asan deyil.

Bu gün dövlətimiz bizə çox dəstək verir, amma bəzən daha çox dəstəyə ehtiyac duyuruq. Mən bu yolda balalarımıza, qızlarımıza, artıq onlar mənim övladlarım yaşındadır səbr və mətanət diləyirəm. Bir daha bizim üzərimizə qara buludlar gəlməsin, ölkəmizə uzanan qara əllər qırılsın. Azərbaycan xalqı firavan yaşasın. Mən bu gün qürur hissi ilə Xocalıdan bütün Azərbaycana salam göndərirəm.

Mən Xocalıda dünyaya göz açmışam, orta məktəbi Xocalıda oxumuşam. Həyat yoldaşım da Xocalılı idi, şəhid Məmmədov Vasif Salman oğlu. BDU-nun hüquq fakültəsini bitirmişəm. Uzun illər çalışmışam, indi isə hal-hazırda çalışmıram. Artıq mən 61 yaşındayam, amma işləmək lazımdır. Öz torpağımızda nəyəsə vəsilə olub töhfə vermək lazımdır".

mediad%C4%B1in.jpgQeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" istiqaməti üzrə hazırlanıb.

Nərmin Qocamanlı

 

Teqlər:

"S\u0259n dem\u0259 Xocal\u0131da da g\u00fcn\u0259\u015f do\u011furmu\u015f"

Əlaqəli Xəbərlər