Ölkədaxili uçuşlara maraq niyə azdır? - EKSPERT AÇIQLADI
"Azərbaycanda ölkədaxili aviauçuşlara marağın aşağı olması bir neçə əsas iqtisadi, coğrafi və psixoloji faktorla izah olunur. Daxili uçuşların qiyməti, məsafəyə uyğun olaraq real vətəndaş büdcəsinə baha görünür. Məsələn Bakı–Gəncə və ya Bakı–Qəbələ biletinin qiyməti 60–80 AZN civarındadır, bu da avtobus və qatarla müqayisədə 3–4 dəfə bahadır".
Bu barədə Operativ Media-ya Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, “Azərbaycan Ekoturizm Assosiasiyası”nın İcraçı direktoru Samir Dübəndi bildirib.
“Daxili turizm daha çox orta və aşağı büdcəli turistləri əhatə etdiyindən, bu qiymət aralığı onlar üçün sərfəli deyil. Azərbaycan daxilində əksər şəhərlər 3–6 saatlıq avtomobil məsafəsində yerləşir. Bu da vətəndaşlara avtobus, taksi və ya şəxsi nəqliyyat vasitəsilə səyahəti daha cəlbedici edir. Dəmir yolu (məsələn, Bakı–Gəncə, Bakı–Qəbələ sürətli qatarları) də alternativdir və daha ucuz, həm də rahat seçim təklif edir. Elastik səyahət planları qurmaq çətindir – istədiyin gün və saatda uçuş tapmaq çətin ola bilər. Daxili uçuşlarda rəqabətsizlik qiymətlərin aşağı düşməsinə və ya xidmət keyfiyyətinin inkişafına imkan vermir. İnsanların əksəriyyəti daxildə uça biləcəklərini düşünmürlər və bu “uçuş = xaric” stereotipi ilə əlaqələndirilir. Yəni, daxildə təyyarəyə minmək hələ də bir çox insanlar üçün həm qeyri-adi, həm də “lazımsız xərcləmə” kimi qəbul edilir.
Uzunmüddətli baxışda, daxili aviasiya regionlararası iqtisadi, turistik və sosial əlaqələri gücləndirmək üçün mühüm vasitə ola bilər”.
Günay Nəcəfova