Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) və bərpa olunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq “Enfinity Global” şirkəti ARDNF-nin İtaliyada yerləşən və ümumi gücü 402 MVt olan günəş fotovoltaik (PV) elektrik stansiyalarından ibarət portfeldə 49 faizlik pay əldə etməsini nəzərdə tutan müqavilə imzalayıb.
Operativ Media bu barədə Fonda istinadən xəbər verir.
Fondun məlumatına görə, müqavilənin başa çatmasından sonra “Enfinity Global” 51 faizlik payını qoruyaraq və İtaliyanın bərpa olunan enerji bazarındakı güclü mövqeyini möhkəmləndirərək bu aktivlərin effektiv idarəçiliyini həyata keçirəcək.
Bu investisiya ARDNF-nin uzunmüddətli investor kimi müəyyən edilmiş strateji hədəflərinə və mandatına uyğun şəkildə sabit və proqnozlaşdırıla bilən gəlir mənbəyi yaratmaqla yanaşı, eyni zamanda qlobal miqyasda dayanıqlı enerji keçidinə töhfə verir.
Razılaşma çərçivəsində “Enfinity Global” İtaliyadakı layihə portfelinə investisiya tərəfdaşlarını cəlb edir. Bu, şirkətə mövcud layihələr üzrə kapital dövriyyəsini təmin etməyə və İtaliya üzrə 2,6 GVt günəş enerjisi və 5,3 GVt enerji saxlama gücünə malik layihələrin həyata keçirilməsini sürətləndirməyə imkan verir. Nəticədə şirkətin ölkədə müstəqil enerji istehsalçısı (IPP) kimi lider mövqeyi daha da möhkəmlənir.
İnvestisiya portfeli həm istismarda olan, həm də tikilməkdə olan və İtaliyanın Latsio və Emiliya-Romanya regionlarında yerləşən günəş elektrik stansiyalarını əhatə edir. İstehsal edilən elektrik enerjisinin uzunmüddətli enerji alqı-satqı müqavilələri (PPA) əsasında satışa çıxarılması nəticəsində istehlakçılar üçün sabit enerji tarifləri, investorlar üçün isə proqnozlaşdırıla bilən pul axınları təmin ediləcək. Portfel üzrə stansiyaların illik təxminən 685 milyon kilovat-saat (GVts) həcmində təmiz elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu da hər il təqribən 184,950-ton karbon-dioksid ekvivalentində (CO₂e) emissiyanın azaldılması və 250 minə yaxın İtalyan ailəsinin illik enerji tələbatının qarşılanması deməkdir.