Ukrayna hökuməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Milli Qvardiyada zabit kimi xidmət etməyə icazə verən fərman layihəsi hazırlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.
Onun sözlərinə görə, hökumət əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Milli Qvardiyada yalnız sıravi və çavuş kimi deyil, həm də zabit kimi xidmət etmək imkanı yaradan fərman layihəsini təsdiqləyib. Qonçarenko sənədin surətini də əlavə edərək bu barədə Telegram kanalında yazıb.
Məlumata əsasən, namizədlər poliqraf da daxil olmaqla xüsusi testdən keçməlidirlər. Layihə Ukrayna Prezidenti Volodimir Zelenskinin imzası ilə qüvvəyə minəcək.
Qeyd edək ki, Ukrayna dəfələrlə orduda zabit çatışmazlığının olduğunu etiraf edib. Parlamentin milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin sədr müavini Yeqor Çernevin sözlərinə görə, bu problemin həlli Qərbin hərbi ehtiyatlarından istifadə etməklə planlaşdırılır.