Azərbaycanın İspaniyadakı səfiri Asturiya Knyazlığının Qızıl Şərəf Medalı ilə təltif edilib
2026-cı il iyunun 25-də İspaniya Krallığı Silahlı Qüvvələrinin Madrid şəhərində yerləşən Alkazar Hərbi Rezidensiyasında Milli Təhlükəsizlik üzrə Strateji Əməkdaşlıq Təşkilatı (CESN) və Asturiya Knyazlığının Diplomatik Forumu tərəfindən təşkil olunan rəsmi mərasimdə Azərbaycan Respublikasının İspaniya Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Ramiz Həsənov Asturiya Knyazlığının Kral Zadəganlar Korpusunun Qızıl Şərəf Medalı ilə təltif olunub.
Operativ Media xəbər verir ki, mərasimdə İspaniyada akkreditə olunmuş müxtəlif ölkələrin səfirləri, diplomatik korpusun nümayəndələri, eləcə də dövlət və ictimai qurumların təmsilçiləri iştirak ediblər.
Asturiya Knyazlığının Kral Zadəganlar Korpusu tərəfindən təqdim edilən Qızıl Şərəf Medalı qurumun ən ali fəxri təltifi hesab olunur. Mərasim zamanı çıxış edən təşkilatçılar səfir Ramiz Həsənovun uzunmüddətli və nümunəvi dövlət qulluğunu, diplomatik fəaliyyətə sadiqliyini, beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələri, habelə Azərbaycan Respublikasının İspaniyada layiqli və yüksək səviyyədə təmsil olunması istiqamətində göstərdiyi xidmətləri xüsusi vurğulayıblar.
Təşkilatçılar qeyd ediblər ki, Asturiya Knyazlığının Kral Zadəganlar Korpusunun 2026-cı il üzrə təltif qərarı səfir Ramiz Həsənovun peşəkar fəaliyyətinə, eləcə də Azərbaycan ilə İspaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin siyasi, iqtisadi, mədəniyyət və turizm sahələrində inkişafına verdiyi töhfələrə göstərilən yüksək ehtiramın ifadəsidir.
Qeyd edək ki, sözügedən fəxri təltif diplomatiya, beynəlxalq əməkdaşlıq və ictimai xidmət sahələrində xüsusi xidmətləri ilə fərqlənən şəxslərə, o cümlədən səfirlərə, yüksək vəzifəli diplomatlara, dövlət xadimlərinə və beynəlxalq nüfuza malik digər şəxslərə təqdim olunur.