AYNA: Oktyabr ayında mikromobillik vasitələrindən istifadə edənlərin sayı 35% artıb
Mikromobillik infrastrukturunun inkişafı istiqamətində görülən işlər, zolaqlar şəbəkəsinin genişləndirilməsi, velosiped və elektrik mühərrikli kiçik nəqliyyat vasitələrindən istifadənin təşviqi bu nəqliyyat növlərinə marağı xeyli artırıb.
Operativ Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
2026-cı ilin oktyabr ayında mikromobillik vasitələri 544 365 dəfə sifariş olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% çoxdur. Velosiped və skuterlərdən ötən ay istifadən edənlərin sayı 297 265 nəfər, qət edilən məsafə isə 2 119 185 kilometr təşkil edib. Bu isə ötən ilin oktyabr ayı ilə müqayisədə müvafiq olaraq 35% və 31% artım deməkdir.
Nəzərəçarpacaq artım ümumilikdə bu ilin 10 ayında qeydə alınıb. 2026-cı ilin yanvar-oktyabr ayları ərzində Bakı şəhərində mikromobillik vasitələri 3 811 106 dəfə sifariş olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artım deməkdir.
Bu müddət ərzində mikromobillik vasitələrindən istifadə edənlərin sayı 1 946 866 nəfər təşkil edib. 2025-ci ilin yanvar-oktyabr aylarının göstəricilərindən bu 19% çoxdur.
Xüsusilə yaxın məsafələrə səfərlər zamanı geniş istifadə edilən velosiped və skuterlərlə bu ilin yanvar-oktyabr aylarında 10 549 590 km yol qət edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir.
Qeyd edək ki, bu rəqəmlər yalnız kirayə xidmətinə dair məlumatları əks etdirir. Şəxsi velosiped və skuterlərdən istifadə edənləri də nəzərə alsaq, rəqəmlərin daha çox olduğunu demək olar.