Menyu

Deputat: Azərbaycan qlobal siyasi dialoqun mühüm mərkəzlərindən birinə çevrilir

Ayşən Sadıxzadə
Deputat: Azərbaycan qlobal siyasi dialoqun mühüm mərkəzlərindən birinə çevrilir
2 dəq oxu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısındakı iştirakı və bu nüfuzlu beynəlxalq platforma çərçivəsində reallaşdırdığı intensiv ikitərəfli görüşlər ölkəmizin qlobal və regional miqyasda artan siyasi çəkisinin, eləcə də müstəqil xarici siyasətinin növbəti əyani təzahürünə çevrildi.

Bu sözləri Operativ Media-ya deputat Kamran Bayramov deyib.

O bildirib ki, 50-yə yaxın dövlət və hökumət başçısının qatıldığı bu qlobal miqyaslı tədbir sadəcə növbəti müzakirə formatı deyil, həm də Avropanın gələcək memarlığının, təhlükəsizlik arxitekturasının və iqtisadi prioritetlərinin müəyyənləşdirildiyi strateji mərkəzdir:

“Azərbaycan Prezidentinin bu platformada fəal mövqe nümayiş etdirməsi, açılış plenar sessiyalarında və “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda təşkil olunan dəyirmi masalarda birbaşa təmsil olunması ölkəmizin Avropa qitəsi üçün daşıdığı müstəsna əhəmiyyəti bir daha sübut etdi.

Müasir geosiyasi reallıqlarda Avropanın enerji təhlükəsizliyinin təmin olunması, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və qlobal iqtisadi çağırışlara qarşı dayanıqlılığın artırılması məsələləri hər zamankından daha aktualdır. Bu kontekstdə Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edərək Avropanın enerji təchizatında oynadığı həlledici rolu Dublində bir daha diqqətə çatdırdı. Prezident İlham Əliyevin tədbir çərçivəsində apardığı müzakirələr və səsləndirdiyi fikirlər göstərdi ki, Bakı ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq sadəcə cari tələbatların ödənilməsinə deyil, uzunmüddətli strateji bağlantılara və innovativ iqtisadi layihələrə əsaslanır. Avropanın enerji bazarının sabitliyində təməl daşı olan Azərbaycanın təşəbbüsləri qitənin gələcək inkişaf trayektoriyasına birbaşa təsir göstərir.

Zirvə toplantısının ən əhəmiyyətli məqamlarından biri də məhz Azərbaycanın beynəlxalq miqyasdakı nüfuzunu möhkəmləndirən mühüm qərarların qəbul edilməsi oldu. Belə ki, növbəti zirvə toplantılarından birinin Azərbaycanda keçirilməsi ilə bağlı irəli sürülən və dəstəklənən təşəbbüs ölkəmizin qlobal siyasi dialoq məkanına çevrildiyini, həmçinin Avropa dövlətləri tərəfindən bərabərhüquqlu və etibarlı aktor kimi qəbul edildiyini açıq şəkildə nümayiş etdirdi. Bu qərar eyni zamanda Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq mühitinin bərqərar olunmasına töhfə verən Azərbaycanın regional liderliyinin beynəlxalq səviyyədə qeyd-şərtsiz qəbulunun göstəricisidir.

Dublin sammiti çərçivəsində dövlət başçısının keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın xarici siyasətinin coğrafi əhatəsinin nə qədər geniş və məqsədyönlü olduğunu bir daha nümayiş etdirdi. Avropa İttifaqı qurumlarının rəhbərləri, o cümlədən Aİ Şurasının Prezidenti Antonio Koşta, eləcə də digər aparıcı Avropa dövlətlərinin liderləri ilə baş tutan təmaslar ikitərəfli münasibətlərin dərinləşməsinə güclü təkan verdi. Xüsusilə Birləşmiş Krallıq kimi qlobal güc mərkəzləri ilə strateji tərəfdaşlıq əlaqələrinin yeni müstəviyə daşınması, həmçinin digər tərəfdaşlarla aparılan müzakirələr Azərbaycanın milli maraqlarının qətiyyətlə qorunduğunu və qlobal proseslərə fəal təsir göstərdiyini təsdiqləyir.

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısındakı iştirakı və uğurlu ikitərəfli diplomatiyası Azərbaycanın yalnız regional miqyasda deyil, bütövlükdə Avroatlantik məkanın təhlükəsizlik, iqtisadi və enerji siyasətində vazkeçilməz aktora çevrildiyini sübut etdi. Bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, yürüdülən uzaqgörən və balanslaşdırılmış xarici siyasətin növbəti təntənəsi olmaqla yanaşı, ölkəmizin qlobal gələcək hədəflərinə doğru inamla irəlilədiyini bir daha təsdiqlədi”.

Əlaqəli Xəbərlər