Menyu

Xaricdə yaşayan soydaşlarımız üçün II yarımil üzrə Ana dili dərslərinə başlanılır

Operativ Media
Xaricdə yaşayan soydaşlarımız üçün II yarımil üzrə Ana dili dərslərinə başlanılır
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlar üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinin 2025–2026-cı tədris ilinin II yarımili üzrə qeydiyyat prosesi başlayıb.

Operativ Media xəbər verir ki, müraciət üçün son tarix 28 yanvar 2026-cı ildir. 

Layihədə iştirak etmək istəyənlər qeydiyyatdan bu link vasitəsilə keçə bilərlər. II yarımil üzrə dərslərin 1 fevral 2026-cı il tarixində başlaması planlaşdırılır.

Sosial-təhsil yönümlü təşəbbüs ölkəmizdən kənarda yaşayan soydaşlarımızın Azərbaycan dilini məsafədən öyrənmələrini, ana dilini qoruyub saxlamalarını və milli-mədəni dəyərlərimizə bağlılıqlarının gücləndirilməsini hədəfləyir.

“Ana dili – Azərbaycan məktəbi” layihəsi müxtəlif yaş qruplarını və fərqli dil bilik səviyyələrini əhatə edən onlayn tədris modeli əsasında fəaliyyət göstərir. İştirakçılar yaşlarına, Azərbaycan dilini bilmə səviyyələrinə və yaşadıqları ölkələrin vaxt zonalarına uyğun şəkildə formalaşdırılan qruplara cəlb olunurlar. Bu məqsədlə qeydiyyatdan sonra qısa dil səviyyəsi yoxlaması aparılır.

Tədris prosesi təcrübəli və ixtisaslı müəllimlər tərəfindən interaktiv metodlar əsasında, əvvəlcədən müəyyən edilmiş qrafik üzrə həftədə 2–3 dəfə “Microsoft Teams” platforması vasitəsilə tam ödənişsiz şəkildə təşkil olunur. Proqram çərçivəsində yalnız dil bacarıqları deyil, eyni zamanda Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəni irsi haqqında biliklər də aşılanır.

Proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dilini bilmə səviyyəsinə uyğun sertifikat təqdim olunur.

Əlavə məlumat üçün:

Elektron poçt: [email protected]

Əlaqə: +994 51 226 71 21 (WhatsApp, Telegram)

Əlaqəli Xəbərlər