Kommunal ödənişlərdə güzəşt olacaq? - AÇIQLAMA

Soyuq qış aylarında kommunal qəbzlər minlərlə ailə üçün ciddi maddi yükə çevrilir. Artan xərclər həm ailə büdcəsini qorumağa çalışan, həm də evini isitmək məcburiyyətində qalan vətəndaşlar üçün ciddi çətinlik yaradır. Bu səbəbdən kommunal ödənişlərin ağırlığı və bu sahədə güzəştlərin tətbiqi cəmiyyətdə əsas müzakirə mövzularından biri olaraq qalır.
Operativ Media xəbər verir ki, mövzu ilə bağlı İTV-yə danışan millət vəkili Razi Nurullayevın sözlərinə görə, ünvanlı sosial yardım alan və bu vəsaitə real ehtiyacı olan vətəndaşlar üçün həm kommunal, həm də nəqliyyat sahəsində ciddi dəstək mexanizmləri tətbiq edilməlidir:
O bildirib ki, ünvanlı sosial yardım alan şəxslərin gəlirləri məhduddur və bu halda onların ictimai nəqliyyatdan, o cümlədən metrodan ya pulsuz, ya da güzəştli şəkildə istifadə etməsi təmin olunmalıdır. Bununla yanaşı, müəyyən kommunal xərclərin dövlət tərəfindən qarşılanması da vacibdir.
Bəs vətəndaşlar kommunal güzəştlər barədə nə düşünür?
Sorğular göstərir ki, cəmiyyət bu addımı zəruri hesab edir, lakin güzəştlərin daha ədalətli şəkildə tətbiq olunmasını tələb edir. Xüsusilə müəllimlər, tələbələr, hərbi qulluqçular, qazilər və şəhid ailələrinin bu siyahıda mütləq yer almalı olduğu vurğulanır. Vətəndaşlar qeyd edirlər ki, mövcud güzəştlər bəzən limitlərin tətbiqi və qiymət artımı ilə müşayiət olunur, bu da real effekti azaldır. Məsələn, 360 manat pensiya alan bir şəxs üçün aylıq kommunal xərclərin 120–130 manat təşkil etməsi ciddi problemdir.
Millət vəkili həmçinin bildirir ki, sosial cəhətdən həssas olan digər qrupların da bu güzəştlərə cəlb edilməsi büdcə imkanları çərçivəsində sürətləndirilməlidir. Bu kateqoriyaya əlillər, tələbələr, ehtiyacı olan qazilər və şəhid ailələri də daxildir. Onun sözlərinə görə, kommunal və nəqliyyat xərclərinə güzəştlərin məhz ehtiyacı olan təbəqələrə tətbiqi sosial ədalətin təmin olunması baxımından vacibdir.