Kamal Cəfərov: Yeni qanun korrupsiya barədə məlumat verən şəxslər üçün mühüm təminatlar yaradır
“Korrupsiya barədə məlumat verən işçinin konfidensiallığının qorunması, təhlükəsizliyinin təmin edilməsi, dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi və dəymiş zərərə görə kompensasiya ödənilməsi yeni qanun layihəsində təkmil formada tənzimlənir”.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov parlamentdə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, korrupsiya ilə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Onun sözlərinə görə, bu sahədə həyata keçirilən institusional və qanunvericilik islahatları, korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların fəaliyyəti, “ASAN xidmət” modeli, beynəlxalq və vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşlıq Azərbaycanın bu sahədə nailiyyətləri sırasındadır.
Kamal Cəfərov qeyd edib ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı dövlət proqramları son 20 il ərzində müxtəlif adlarla sistemli və kompleks şəkildə icra olunur. O bildirib ki, təqdim edilən qanun layihəsi də Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının icrası məqsədilə hazırlanıb.
“Bu, birincisi, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində güclü siyasi iradənin göstəricisidir”, – deyə deputat vurğulayıb.
O xatırladıb ki, korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin müdafiəsi məsələsi ilə bağlı qanun 2016-cı ildə qəbul edilib və həmin dövrdə Korrupsiyaya qarşı Mübarizə Komissiyasında çalışıb.
Kamal Cəfərov bildirib ki, hər bir ölkənin özünəməxsus iqtisadi, siyasi və sosial dəyərləri var və korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübə həmin dəyərlərə və mövcud mexanizmlərə uyğunlaşdırılmalıdır.
Deputatın sözlərinə görə, yeni qanunun müstəqil qanun kimi qəbul edilməsi üçün kifayət qədər zəmin yaranıb. O qeyd edib ki, bunu statistik göstəricilər də təsdiqləyir.
“Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın təhlilinə görə, 2025-ci ildə korrupsiya barədə 5 702 müraciətdən 508-də, yəni 8,9 faizində, işçinin öz iş yerində baş verən korrupsiya hüquqpozmaları barədə məlumat verməsi ilə bağlıdır”, – deyə Kamal Cəfərov bildirib.
Deputat qeyd edib ki, hazırkı qanunvericilikdə korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərlə bağlı məsələlər müxtəlif hüquqi aktlarda və məhdud formada tənzimlənir.
“QREKO-nun tövsiyələrini də nəzərə alaraq bu sahədə bir neçə səbəbdən biri də odur ki, bizə yeni, bu məsələni xüsusi tənzimləyə bilən ayrı bir qanun lazımdır”, – deyə o bildirib.
Kamal Cəfərov bildirib ki, qanun layihəsinə əsasən, işçi korrupsiya ilə bağlı məlumatı işlədiyi təşkilatın səlahiyyətli struktur bölməsinə, təşkilat rəhbərinə, təşkilat rəhbərindən yuxarı vəzifəli şəxsə və ya prokurorluq orqanlarına təqdim edə bilər.
Onun sözlərinə görə, məlumat verən şəxsin seçim hüququ olacaq və şəxs istədiyi halda birbaşa korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına müraciət edə biləcək.
Deputat vurğulayıb ki, məlumat verən şəxsin konfidensiallığının qorunması, təhlükəsizliyinin təmin edilməsi, dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi və dəymiş zərərə görə kompensasiya ödənilməsi də qanun layihəsində nəzərdə tutulur.
O bildirib ki, məlumat öz təsdiqini tapdıqda məlumat verən işçiyə təşkilatın büdcəsi hesabına maddi mükafat ödəniləcək.
“Məlumat verdiyinə görə işçiyə tənbeh tətbiq etmək, vəzifədən azad etmək, başqa vəzifəyə keçirmək və digər bu cür tədbirlər tətbiq edilə bilməz. Belə yalan və böhtan xarakterli məlumatlar isə korrupsiya barədə məlumat verilməsi hesab edilmir”, – deyə Kamal Cəfərov qeyd edib.
Deputatın sözlərinə görə, qanunun icrasına nəzarətin təmin edilməsi üçün Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin də rolu müəyyənləşdirilir.
Kamal Cəfərov həmçinin rüşvət verən və alan şəxslər üçün cinayət məsuliyyətindən azadolma məsələsindəki fərqə toxunub. O bildirib ki, hazırda rüşvət verən şəxs hüquq-mühafizə orqanları məsələni aşkar etməzdən əvvəl könüllü şəkildə bu barədə məlumat verərsə, cinayət məsuliyyətindən azad edilə bilər.
“Ancaq bunun digər tərəfi var. Dediyiniz kimi, rüşvət alan şəxsin belə bir imkanı yoxdur. Bu, uzun müddət müzakirə olunub, müxtəlif ölkələrdə müxtəlif təcrübə var. Amma bir dənə fakt var ki, rüşvət verən şəxs bəzən bunu təzyiqdən və ya bilməyərəkdən və müxtəlif səbəblərdəndir. Ancaq rüşvəti alan şəxs dövlət orqanının əməkdaşı, hansısa vəzifəli şəxs, o artıq qanunları bilir, o bu sahədə çalışır və onun üzərində məsuliyyət daha çoxdur”, – deyə deputat bildirib.
O əlavə edib ki, Azərbaycan təcrübəsində rüşvət alan şəxs üçün belə məsuliyyətdən azad edilmə imkanı nəzərdə tutulmur.
dəqiqələr içində saytın olsun.