Rezidentlik statusunu düzgün təqdim etməyənlər 300 manat cərimə olunacaq - İZAH

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, maliyyə institutlarına rezidentlik statusu ilə bağlı yanlış və ya təhrif olunmuş məlumat təqdim edilməsi inzibati xəta hesab olunur. Həmçinin müştəri rezidentlik statusu dəyişdiyi halda bu barədə Vergi Məcəlləsində müəyyən olunmuş müddətdə bank və ya digər maliyyə qurumunu məlumatlandırmazsa, məsuliyyət daşıyır. Qanunvericiliyə görə, bu hallara yol verən fiziki şəxslər 300 manat məbləğində cərimə edilir.
Qanuna edilən dəyişikliklə bağlı artıq bir çox bank müştərilərinə xəbərdarlıq məktubu göndərib.
İqtisadçı ekspert Akif Nəsirli Operativ Media-ya açıqlamasında bildirib ki, rezidentlik statusu maliyyə və vergi münasibətlərində mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bank və ya digər maliyyə qurumuna rezident olub-olmaması barədə düzgün məlumat verməyən, yaxud status dəyişdikdən sonra bunu vaxtında bildirməyən şəxslər qanun pozuntusuna yol vermiş sayılır:
“Əgər şəxs rezidentlik statusunu düzgün göstərmirsə və ya dəyişiklik baş verdikdə bunu maliyyə qurumuna vaxtında bildirmirsə, bu artıq inzibati xəta hesab olunur və 300 manat cərimə tətbiq edilir. Əslində, burada tələb olunan çox sadədir – rezidentliyi düzgün bəyan etmək və hər hansı dəyişiklik olduqda bunu vaxtında rəsmi şəkildə bildirmək”.
Ekspert izah edib ki, rezident anlayışı şəxsin hansı ölkədə yaşaması və vergi öhdəliklərini harada yerinə yetirməsi ilə bağlıdır. “Məsələn, şəxs Azərbaycanda yaşayır, işləyir və vergisini burada ödəyirsə, o, Azərbaycan rezidenti sayılır. Əgər başqa ölkəyə köçür və vergi öhdəliklərini həmin ölkədə yerinə yetirməyə başlayırsa, artıq həmin ölkənin rezidenti hesab olunur”, – deyə Akif Nəsirli vurğulayıb.