İran Aİ-nin qərarına cavab olaraq Avropa ordularını "terror təşkilatları" elan edib

İran parlamenti Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) qara siyahıya salmaq qərarına cavab olaraq, daxili qanunvericiliyə əsasən Avropa ölkələrinin ordularını terrorçu təşkilatlar kimi tanıyıb.
Operativ Media xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, bazar günü parlament iclasında çıxış edən spiker Məhəmməd Bağır Qalibaf bildirib ki, İran qanunvericiliyinin 7-ci maddəsinə əsasən, əgər İİKK terror təşkilatı kimi tanınarsa, Avropa ölkələrinin silahlı qüvvələri də terrorçu qruplar hesab ediləcək. Onun sözlərinə görə, bu addım Aİ ilə münasibətlər üçün ən ciddi nəticələrə səbəb olacaq.
Qalibaf vurğulayıb ki, Aİ-nin “müqəddəs” İİKK-nı terrorizmdə ittiham etməklə bağlı “məsuliyyətsiz hərəkətləri” ABŞ prezidenti və İsrailin göstərişi ilə həyata keçirilib və bu, “Avropanın gələcək dünya nizamında diskvalifikasiyasını sürətləndirib”.
O qeyd edib ki, “sionizmi dəstəkləyən cərəyanlar ilk növbədə mediada İran xalqını və müstəqil ölkələri qorxutmaq üçün uyğun atmosfer yaratmağa çalışırlar”. Eyni zamanda, spiker vurğulayıb ki, İran xalqı İİKK-nı özünün ayrılmaz bir hissəsi hesab edir.
Qalibafın sözlərinə görə, “Avropada terrorizmin yayılmasının qarşısını alan əsas maneə olan İİKK-ya zərbə endirmək cəhdində avropalılar faktiki olaraq öz ayaqlarından güllə yarası alıblar və bir daha amerikalılara kor-koranə itaətkarlıq səbəbindən xalqlarının maraqlarına zidd qərarlar qəbul ediblər”. O bildirib ki, Avropa bu cür addımlarla “öz ağası olan ABŞ-ni sakitləşdirməyə” çalışır ki, Vaşinqton onların ərazi bütövlüyünü təhdid etməyi dayandırsın. Qalibaf əlavə edib ki, “bu ağası artıq göstərib ki, xidmətçilərinə dəyər vermir”.
Spikerin sözlərinə görə, İİKK dünyada terrorizmlə mübarizə sahəsində ən təsirli təşkilatlardan biridir. O bildirib ki, region xalqlarının dəstəyi ilə İİKK İŞİD-in hakimiyyətini devirməyə, bu terror qruplaşmasının qlobal təhlükəsini aradan qaldırmağa nail olub və beynəlxalq terrorizmə qarşı mübarizədə yüzlərlə insanın həyatını, o cümlədən ən böyük və ən təcrübəli komandirlərindən biri olan general-leytenant Qasım Süleymaninin həyatını qurban verib.