Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsinə qədəm qoyub"
Azərbaycanda turizm artıq formalaşma mərhələsindən daha yetkin inkişaf mərhələsinə qədəm qoyub.
Operativ Media Dövlət Turizm Agentliyinə (DTA) istinadən xəbər verir ki, bunu Agentliyin sədri Fuad Nağıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə yay mövsümünün başa çatması və qış mövsünə hazırlıqla bağlı Assosiasiya üzvləri və turizm sənayesi nümayəndələri üçün təşkil etdiyi görüşdə bildirib.
"Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın əhəmiyyətinə toxunan DTA sədri sənədi Azərbaycan turizminin inkişafında mühüm mərhələ kimi qiymətləndirərək onun dövlət və özəl sektor qarşısında yeni hədəflər müəyyənləşdirdiyini və turizm sənayesinin daha sistemli inkişafı üçün geniş imkanlar yaratdığını qeyd edib.
O, bu imkanların real turizm məhsullarına çevrilməsi üçün sahibkarların təşəbbüsü, investisiyası və innovativ yanaşmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. F.Nağıyev dövlətin yaratdığı strateji çərçivənin turizm sənayesinin fəallığı ilə tamamlanmasının Azərbaycan turizminin qarşıdakı mərhələdə daha güclü və rəqabətqabiliyyətli inkişafına imkan verəcəyini qeyd edib.
ATAA-nın İdarə Heyəti sədri Göydəniz Qəhrəmanov isə son bir ildə xaricdə yeni tərəfdaşlıqların qurulması məqsədilə ATAA üzvlərinin 40-a yaxın B2B görüşlərdə, tanışlıq səfərlərində, infoturlarda, sərgilər və təqdimatlarda iştirakının təmin olunduğunu qeyd edib. ATAA-nın fəaliyyətinin genişləndirildiyini də diqqətə çatdıran Assosiasiya sədri Gəlmə və Getmə Turizm Komitələrinin fəaliyyətinin genişləndirildiyini, əlavə olaraq Daxili Turizm Komitəsinin, Turoperatorların İşçi Qrupunun, Təşəbbüs Qrupunun və Turistlərin Maarifləndirilməsi Şöbəsinin fəaliyyətə başladığını, bu strukturlar vasitəsilə üzv şirkətlərin qarşılaşdığı məsələlərin müəyyənləşdirilməsi və həlli istiqamətində aktiv işlərin aparıldığını qeyd edib.
Tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev, gəlmə, getmə, logistika, daxili turizm və bir sıra digər mühim istiqamtələr üzrə fəaliyyət göstərən 300-ə yaxın ATAA nümayəndəsi, o cümlədən hotel sənayesinin və beynəlxalq hava yollarının Azərbaycandakı nümayəndələri də iştirak ediblər.
dəqiqələr içində saytın olsun.