Kolleclərə ixtisas seçimində 7 mindən çox şəxs qeydiyyatdan keçib
Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi 9 avqust saat 23:59-dək davam edəcək.
Operativ Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
İxtisas seçimi mərhələsində abituriyentlər verilən tarixədək qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
7 avqust saat 09:45-ə olan məlumata əsasən 7437 abituriyent (Azərbaycan bölməsi - 7084; rus bölməsi - 353) artıq ərizəsini təsdiq edib.
Ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.
Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in “Abituriyent Məsləhət Mərkəzləri”nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Milli Konservatoriya, Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri”ndə ödənişsiz kömək göstərilir.
Müsabiqədə yalnız elektron ərizəsini təsdiq etmiş şəxslər iştirak edə bilərlər.