Tahir Rzayev: İqlimədavamlı kənd təsərrüfatını fermer tək qura bilməz
Real vəziyyət aqrar siyasətin yalnız istehsalın artırılmasına deyil, kənd təsərrüfatının dayanıqlılığının və fermerlərin risklərə davamlılığının təmin edilməsinə yönəldilməsini tələb edir.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu istiqamətdə qanunvericiliyin davamlı şəkildə təkmilləşdirilməsi də zəruridir. Su və torpaq resurslarından səmərəli istifadə, müasir suvarma sistemlərinin tətbiqi, rəqəmsal kənd təsərrüfatının inkişafı, aqrar sığorta, innovasiyalar və fermerlərin maliyyə resurslarına çıxışının təmin edilməsi əsas məsələlərdəndir.
Deputat bildirib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda, eləcə də dövlət başçısının çıxışlarında bu vəzifələr aydın şəkildə əksini tapıb.
Tahir Rzayev qeyd edib ki, aqrar sektorun hüquqi bazasının təkmilləşdirilməsi və müasir tələblərə cavab verən qanunların hazırlanması əsas prioritetlərdəndir.
“İqlimədavamlı kənd təsərrüfatını fermer tək qura bilməz. Dövlət, parlament və hökumətin yaratdığı əlverişli siyasət və hüquqi çərçivə şəraitində fermerlərlə yanaşı, kiçik və orta sahibkarlar, qadınlar və gənclər də bu prosesə cəlb olunmalıdır”, – deyə deputat vurğulayıb.
O bildirib ki, beynəlxalq və yerli təcrübənin öyrənilməsi də aqrar sektorun dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat əlavə edib ki, qəbul edilən Dövlət Proqramı bu istiqamətdə imkanlar yaradır və artıq ilk nəticələr özünü göstərməkdədir. Onun sözlərinə görə, Milli Məclisdə keçirilən dinləmələr və müzakirələr, həmçinin “Toxumçuluq” və “Balıqçılıq” haqqında qanunların qəbulu və digər qanunvericilik aktlarına edilən dəyişikliklər aqrar sektorun inkişafına yönəlmiş tədbirlərin davam etdiyini göstərir.
dəqiqələr içində saytın olsun.