Deputat: Radionun yayım keyfiyyəti yenidən qiymətləndirilməlidir
Hazırda elə bir tarixi mərhələdə yaşayırıq ki, burada qeyd olunduğu kimi, 1906-cı ildən bu günə qədər, bir qədər sonrakı dövrdə, 1920–1930-cu illərdə televiziya meydana gəldi. Televiziya ilə radio arasındakı rəqabətdə ilk dəfədir ki, son illərdə televiziya radioya uduzmağa başlayıb. Bunun səbəbi televiziyanın çoxsaylı alternativlərinin meydana çıxması, radionun isə hələlik alternativinin olmamasıdır.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, radio istifadəçilərinin statistikası da getdikcə artır. Bu, ilk növbədə, ölkəmizdə avtomobillərin sayının artması və avtomobildə yeganə informasiya mənbəyi kimi radiodan istifadə olunması ilə bağlıdır. Belə olan halda, istər ölkə daxilində bir rayondan digərinə səyahət zamanı, istərsə də şəhərdaxili nəqliyyatdan istifadə edərkən radionun keyfiyyəti və təsir imkanları yenidən qiymətləndirilməlidir:
“Yəni biz radionu artıq sadəcə əyləncə vasitəsi kimi deyil, həm də ideoloji və təhlükəsizlik vasitəsi kimi istifadə etməyi bacarmalıyıq. Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, radionun imkanlarından milli təhlükəsizliyimiz, informasiya təhlükəsizliyimiz və ideoloji təhlükəsizliyimiz naminə maksimum bəhrələnməliyik. Amma nə baş verir? Bununla bağlı bir-iki tənqidi qeydim var.
Məsələn, Azərbaycanın ən yaxın istirahət zonalarından biri Bakıdan Qubaya qədər olan ərazidir. Əgər avtomobillə Bakıdan Qubaya gedirsinizsə, səhv etmirəmsə, ən azı üç dəfə radio tezliyini dəyişməli olursunuz. Söhbət eyni radio kanalının tezliklərindən gedir. Nəyə görə belə olur? Məgər məsafə o qədər böyükdür ki, burada vahid radio tezliyi ilə yayımı təmin etmək mümkün deyil?
Digər tərəfdən, Azərbaycanın mərkəzindən kənarlara doğru getdikcə başqa ölkələrin radio tezlikləri bizim tezlikləri üstələyir. Şimala doğru irəlilədikcə Rusiya və Dağıstan radioları üstünlük təşkil edir, bizim radio tezliklərimiz isə itir. Deməli, burada keyfiyyət problemi var. Qərbə doğru, Gürcüstan istiqamətində hərəkət etdikcə də radio tezliklərinin keyfiyyəti lazımi səviyyədə olmur və sair.
Ona görə də düşünürəm ki, bu məsələyə yenidən baxmaq lazımdır. Əgər texniki təchizatla bağlı problemlər varsa, onları həll etməliyik. Yox, əgər başqa səbəblər mövcuddursa və yayımın peyk vasitəsilə təmin edilməsinə ehtiyac varsa, bunu da etməliyik. Çünki artıq öz peykimiz də var.
İkinci məsələ isə kontentlə, yəni radio verilişlərinin məzmunu ilə bağlıdır. Dediyimiz kimi, radionun çoxsaylı auditoriyası var və bu auditoriya hətta televiziya auditoriyasından da böyük ola bilər. Belə olan halda, özümüzə sual verməliyik: doğrudanmı radio sadəcə əyləncə vasitəsi olmalıdır? Bəlkə, radio həm də hüquqi maarifləndirmə vasitəsi olmalıdır? Bəlkə, ideoloji təbliğat vasitəsi, milli estetik zövqümüzü formalaşdıran bir musiqi konservatoriyası rolunu oynamalıdır? Niyə də olmasın?”.