Menyu

Deputat: Ermənistan üzərinə düşən ev tapşırığını yerinə yetirməlidir

Operativ Media
Deputat: Ermənistan üzərinə düşən ev tapşırığını yerinə yetirməlidir
3 dəq oxu

Prezident İlham Əliyevin “Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” fikri Cənubi Qafqazda mövcud vəziyyətin dəqiq siyasi qiymətləndirilməsidir. Dövlətimizin başçısı bu fikri oktyabrın 15-də Bakıda AQEM-in 7-ci Zirvə Görüşündə səsləndirib. Məncə, burada əsas mesaj aydındır: əldə edilmiş sülhün davamlılığı üçün ardıcıl fəaliyyət və qarşılıqlı məsuliyyət lazımdır. Bu yanaşmanı 5 ölçüdə qiymətləndirmək olar. 

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rizvan Nəbiyev deyib. 

O qeyd edib ki, bu ilk növbədə hüquqi ölçüdür: “Sülhün dayanıqlılığı dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinə hörmətini hüquqi öhdəliyə çevirməsindən asılıdır. 2025-ci il avqustun 8-də sülh sazişinin mətninin paraflanması mühüm irəliləyiş idi. Lakin paraflanma ilə sazişin imzalanması və qüvvəyə minməsi ayrı mərhələlərdir. Razılaşdırılmış mətnin gündəlik dövlətlərarası münasibətləri tənzimləyən işlək hüquqi çərçivəyə çevrilməsi vacibdir. Bu baxımdan, Azərbaycanın ərazi iddialarının təkrarlanmasına yol aça biləcək hüquqi qeyri-müəyyənliklərin aradan qaldırılması tələbi yerinə yetirməlidir. İlk növbədə, Ermənistan Konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır. Sülh elə möhkəm hüquqi təminatlara söykənməlidir ki, gələcəkdə hakimiyyətlərin dəyişməsi münasibətləri yenidən qarşıdurmaya aparmasın. Hüquqi aydınlıq hər iki xalqın təhlükəsizliyinə xidmət edir. Həmçinin bunun siyasi ölçüsü də mövcuddur”. 

Deputat hesab edir ki, Prezident İlham Əliyevin sülh təşəbbüslərinin strateji əhəmiyyəti Azərbaycanın qazandığı tarixi Qələbədən sonra regionun gələcəyini əməkdaşlıq əsasında qurmaq iradəsindədir: “Vaşinqton Birgə Bəyannaməsində tərəflərin dövlətlərarası qonşuluq münasibətlərinə yönəlməsi bu baxımdan mühüm siyasi öhdəlikdir. Ancaq siyasi öhdəlik ardıcıl davranışla möhkəmlənir. Ermənistan baş nazirinin bu gün yaxın sülhdən, başqa gün uzaq tarixlərdən danışılması cəmiyyətlərdə qeyri-müəyyənliyi artırır. Uzanan qeyri-müəyyənlik isə sülhə qarşı çıxan qüvvələrə imkan yarada bilər. Ona görə də prosesin konkret addımlarla, aydın məsuliyyətlə və davamlı dialoqla irəliləməsi vacibdir. Eyni zamanda bunun iqtisadi ölçüsü də mövcuddur. İnsanlar sülhün faydasını gündəlik həyatlarında hiss etdikcə onu qorumaqda daha maraqlı olurlar. Açılan nəqliyyat yolları, artan ticarət, investisiyalar sülhə ictimai dəstəyi gücləndirə bilər. TRİPP layihəsinin potensial əhəmiyyəti də buradadır: bağlantıların inkişafı region ölkələri üçün ortaq iqtisadi maraqlar yarada bilər. Gözlənilir ki, Ermənistan Parlamenti bu günlər TRIPP çərçivə sazişini ratifikasiyaya çıxarsın. Müvafiq komitə iclasında Ermənistan xarici işlər nazirinin təqdimatı göstərdi ki, burada da müəyyən qeyri-müəyyənliklər qalxmaqdadır. Cənubi Qafqaz üçün çıxarıla biləcək dərs odur ki, qarşılıqlı faydalı layihələr sülhün qorunmasına əlavə stimul verir. Bunun üçün etibarlı qaydalar və razılaşmaların icrası zəruridir. Artıq ik ölkə arasında ticarət dövriyyəsinin cari ilin ilk 9 ayı ərzində 23 milyon ABŞ dolları ötməsi iqtisadi potensialın perspektivlərindən xəbər verir”. 

Rizvan Nəbiyev hesab edir ki, burada humanitar meyarlar da öz əksini tapıb: “Sülhün həqiqi dəyəri insan həyatının təhlükəsizliyində görünür. Mina təhlükəsinin aradan qaldırılması, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, əsas məsələlərdir. Bu istiqamətlərdə əməkdaşlıq həm iztirabları azaldar, həm də qarşılıqlı etimad yaradar. Müvafiq Dövlət Komissiyasının 31 avqust 2026-cı il məlumatına görə, Birinci və İkinci Qarabağ müharibələri üzrə 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 782 nəfəri mülki şəxsdir, o cümlədən 71 uşaq, 288 qadın, 319 ahıl şəxs.. Bu günlərdə Bakıda Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkil etdiyi beynəlxalq tədbir bu istiqamətdə mühüm addımdır. İtkin şəxslər barədə məlumatın Euronews da işıqlandırılması da məsələnin beynəlxalq səviyyədə dooğurduğu ciddiyyətdən xəbər verir. Bu ölçü, beynəlxalq müstəvidə regionda dayanıqlı sülhə və sabitliyə strateji tərəfdaşlarımızın göstərdiyi maraq və verdiyi dəyərdir.

Prezident İlham Əliyevin çağırışının əhəmiyyəti böyükdür : sülh hər gün hüquqi təminatlarla, məsuliyyətli siyasi qərarlarla, iqtisadi əməkdaşlıqla və humanitar addımlarla möhkəmləndirilməlidir. Azərbaycanın sülh gündəliyi region üçün bu imkanı açır. İndi əsas vəzifə yaranmış tarixi fürsəti konkret nəticələrə və davamlı təhlükəsizliyə çevirməkdir. Bunun üçün Ermənistan üzərinə düşən ev tapşırığını yerinə yetirməlidir”.

Əlaqəli Xəbərlər