Deputat: İşğaldan azad edilmiş ərazilərin inkişafı ölkəmizin iqtisadi imkanlarını artıracaq
Bu gün Azərbaycan xalqı tarixinin ən şanlı və şərəfli günlərini yaşayır. Artıq qalib Azərbaycan xalqı Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalını deyil, əzəli torpaqlarının işğaldan azad edilməsi günlərini böyük qürur hissi ilə qeyd edir.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, 2020-ci il oktyabrın 25-i Qubadlının erməni işğalından azad edildiyi gün kimi tariximizə yazılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 6 il ötür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd olunur:
“Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordusunun genişmiqyaslı hücumu nəticəsində işğal edilmişdi. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçmiş, 31 mindən çox rayon sakini yurd-yuvasından didərgin düşmüşdü. Həmin gündən Ermənistan tərəfindən işğal edilmiş ərazilərdəki dədə-baba yurdlarını, isti ocaqlarını tərk etmək məcburiyyətində qalan qubadlılıların məcburi köçkün həyatı başlamışdı.
Nəhayət, 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun yüksək peşəkarlığı və qəhrəmanlığı nəticəsində Qubadlı işğaldan azad edildi. Qubadlı şəhərinin azad olunması Azərbaycanın böyük Qələbəsini daha da yaxınlaşdırdı.
Hazırda Qubadlı rayonunun gələcək inkişafı istiqamətində mühüm işlər həyata keçirilir. Qubadlıda ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin və 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub.
Əminik ki, işğaldan azad edilmiş rayonlarımızda quruculuq işləri başa çatdıqca və sakinlər doğma yurdlarına qayıtdıqca ölkəmizin iqtisadi imkanları daha da genişlənəcək.
Sonda onu da qeyd edək ki, bu gün dünyada təxminən 100-ə yaxın münaqişə və müharibə mövcuddur. Azərbaycan isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarını azad etmiş dövlətdir.
Bu gün xalqımızın qarşısında mühüm vəzifələr dayanır. Hərb meydanında müharibə başa çatsa da, insanların düşüncələrinə təsir göstərmək və onları manipulyasiya etmək cəhdləri davam edir. Son proseslər də bunu bir daha göstərdi. Heç şübhəsiz ki, bu məsələdə cəmiyyətimizin hər bir üzvünün üzərinə ciddi məsuliyyət düşür. İnsanlarımız hər zaman ayıq-sayıq olmalı, milli maraqlarımızın qorunmasına xüsusi diqqət yetirməlidirlər”.