Emil Səfərov: “Neftçi”də qalmaq bir çox futbolçunun arzusudur”
“Neftçi”də qalmaq bir çox futbolçunun arzusudur”.
Operativ Media xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Emil Səfərov klubun televiziyasına açıqlamasında deyib.
O, yeni müqavilə imzalamasından və komandada qalmasından məmnun olduğunu bildirib:
“İlk öncə mənə güvənən insanlara təşəkkür edirəm. “Neftçi”də qalmaq, təbii ki, bir çox futbolçunun arzusudur. Burada karyeramı davam etdirdiyim üçün çox xoşbəxtəm. Müqavilə təklif olunanda heç nə düşünmədən imza atdım. İnşallah, burada əlimdən gələni edib komandaya faydalı olmağa çalışacağam”.
Səfərov ilk mövsümünün istədiyi kimi keçmədiyini, yeni baş məşqçinin gəlişindən sonra daha çox şans qazandığını qeyd edib:
“İlk mövsümüm istədiyim kimi alınmadı. Yeni baş məşqçimiz gəldikdən sonra mənə şans verildi və bundan sonra özümü göstərməyə başladım. Yaxşı çıxış etdim və düşünürəm ki, bu müqavilə də həmin performansın qarşılığıdır”.
Futbolçu “Neftçi”dəki rəqabətin komanda üçün müsbət hal olduğunu vurğulayıb:
“Neftçi” ölkənin flaqmanıdır və belə komandada rəqabətin olması çox yaxşı haldır. Mən də özümə güvənirəm. İnşallah, bu rəqabətdə maksimum dərəcədə qalib gəlməyə çalışacağam. Mənə güvənirlərsə, bu, özlüyündə böyük məsuliyyətdir. Çalışacağam ki, bu məsuliyyəti üzərimə götürüm və üzərimə düşəni ən yaxşı şəkildə yerinə yetirim”.
90 illik yubileyini qeyd edən “Neftçi”nin əsas hədəflərindən birinin çempionluq olduğunu deyən Səfərov bunun üçün mübarizə aparacaqlarını bildirib:
“Bu il klubun 90 illiyidir. Təbii ki, belə bir ildə əsas hədəflərdən biri çempionluq ola bilər. Biz də bunun üçün əlimizdən gələni etməliyik”.
Milli komandaya dəvət gözlədiyini bildirən yarımmüdafiəçi Millətlər Liqasında maksimum nəticə qazanmağa çalışacaqlarını deyib:
“Əvvəllər də milli komandaya dəvət almışam. İndi də dəvət gözləyirəm. Millətlər Liqasında çalışacağıq ki, maksimum nəticə göstərək və komandaya fayda verək”.
Səfərov “Neftçi” azarkeşlərinə də təşəkkür edib:
“İlk gəldiyim gündən azarkeşlərə təşəkkür edirəm. Onlar hər zaman mənə dəstək olublar. Hara gediriksə, soyuq, qış, yay fərqi yoxdur, həmişə bizim yanımızdadırlar. Çox sağ olsunlar, dəstəklərini bizdən əsirgəmirlər. Çalışacağam ki, azarkeşlərin də ümidlərini doğruldum”.
dəqiqələr içində saytın olsun.