Menyu

İğdırda Azərbaycan–Türkiyə beynəlxalq arxeoloji ekspedisiyasının üçüncü tədqiqat mövsümü başa çatıb

Şəfa Hüseynli
İğdırda Azərbaycan–Türkiyə beynəlxalq arxeoloji ekspedisiyasının üçüncü tədqiqat mövsümü başa çatıb

Türkiyə Respublikasının İğdır vilayətinin Mərkəz, Karakoyunlu və Aralıq rayonlarında fəaliyyət göstərən Azərbaycan–Türkiyə beynəlxalq arxeoloji ekspedisiyasının üçüncü tədqiqat mövsümü uğurla başa çatıb.

Bu barədə Operativ Media-ya Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Ekspedisiyaya AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov rəhbərlik edib.

Beşillik layihə çərçivəsində həyata keçirilən builki araşdırmalar mühüm elmi nəticələrlə yadda qalıb. Tədqiqatlar AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Türkiyənin müxtəlif universitetlərini təmsil edən mütəxəssislərin birgə əməkdaşlığı əsasında aparılıb.

Layihə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi icazəsi, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin və Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyevin dəstəyi ilə həyata keçirilib. Çöl tədqiqatları Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Varlıqları və Muzeylər Baş İdarəsinin 27 iyul 2026-cı il tarixli müvafiq icazəsi əsasında aparılıb.

Azərbaycanlı arxeoloqun rəhbərliyi ilə xarici ölkə ərazisində həyata keçirilən ilk beynəlxalq arxeoloji tədqiqat layihəsi olan bu ekspedisiya Azərbaycan və Türkiyə arasında arxeologiya sahəsində elmi əməkdaşlığın yeni istiqamətinin əsasını qoyur.

Çöl tədqiqatlarına başlanmazdan əvvəl Azərbaycan–Türkiyə beynəlxalq arxeoloji ekspedisiyasının üzvlərindən ibarət heyət tərəfindən İğdır Vilayət Mədəniyyət və Turizm Müdirliyi, İğdır Vilayət Jandarma Komandanlığı və İğdır Muzeyi ziyarət edilib, aidiyyəti qurumlar layihənin məqsədləri və tədqiqat proqramı haqqında ətraflı məlumatlandırılıblar. Həmçinin, elmi heyət Van gölü sahilində yerləşən Urartu dövrünə aid Ayanis qalasına elmi tanışlıq məqsədilə səfərdə olub. Səfər zamanı abidənin tədqiqatçıları qala və apardıqları tədqiqatların nəticələrilə Azərbaycan–Türkiyə beynəlxalq arxeoloji ekspedisiyasının üzvlərini tanış ediblər.

Bununla yanaşı, İğdır valisi Fırat Taşolar və İğdır Universitetinin rektoru, professor doktor Ekrem Gürel ilə keçirilən görüşlərdə vilayətin tarixi-arxeoloji irsi, bölgədə həyata keçirilə biləcək gələcək tədqiqatların perspektivləri, bu araşdırmaların regionun mədəni həyatına və turizmin inkişafına verə biləcəyi töhfələr, eləcə də elmi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

İğdırda aparılan arxeoloji tədqiqatlar Son Xalkolit dövründən Əhəmənilər dövrünədək uzanan geniş xronoloji mərhələyə aid yaşayış yerlərinin mövcudluğunu müəyyənləşdirməyə imkan verib. Əldə olunan nəticələr İğdır bölgəsinin Şərqi Anadolu, Cənubi Qafqaz və Şimal-Qərbi İran arasındakı tarixi-mədəni əlaqələrin öyrənilməsində mühüm mövqeyə malik olduğunu göstərir.

İğdır abidələrinin Naxçıvandakı I Kültəpə, II Kültəpə, Ovçular təpəsi, I Maxta, II Maxta, Şahtaxtı, Kolanı və Oğlanqala kimi arxeoloji abidələrlə müqayisəli təhlili məskunlaşma ənənələri, keramika istehsalı, təsərrüfat fəaliyyəti, müdafiə sistemləri və təbii ehtiyatlardan istifadə baxımından bir sıra ortaq xüsusiyyətləri üzə çıxarıb. Xüsusilə Oğlanqala Dəmir dövründə regional məskunlaşma sisteminin, siyasi təşkilatlanma proseslərinin və strateji kommunikasiya marşrutlarına nəzarət mexanizmlərinin öyrənilməsi baxımından mühüm müqayisəli nümunə kimi çıxış edir.

Araşdırmalar İğdır–Naxçıvan xətti boyunca mədəni və iqtisadi əlaqələrin davamlılığını göstərsə də, müəyyən edilmiş oxşarlıqların birbaşa mədəni ötürülmə, əhali hərəkətliliyi və ya ortaq mədəni ənənələrlə əlaqələndirilməsi əlavə elmi əsaslandırma tələb edir. Bu baxımdan gələcək müqayisəli araşdırmaların xronoloji, stratiqrafik, məkan, texnoloji və arxeometrik məlumatlarla dəstəklənməsi mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, İğdır–Naxçıvan xətti regional arxeoloji proseslərin və ortaq sivilizasiya irsinin öyrənilməsində mühüm tarixi-mədəni körpü rolunu oynayır.

Tədqiqatlar zamanı yaşayış yerlərinin topoqrafik xüsusiyyətləri və yer səthində müşahidə olunan memarlıq qalıqları sənədləşdirilib. Keramika nümunələri, obsidian parçaları və daş alətlər yerində qeydə alınıb, fotoşəkilləri çəkilib və qrafik təsvirləri hazırlanıb. Toplanmış məlumatların rəqəmsallaşdırılması, xəritələşdirilməsi və kataloqlaşdırılması, eləcə də gündəlik hesabatların hazırlanması laboratoriya şəraitində davam etdirilib. Eyni zamanda tədqiqat ərazilərinin dron vasitəsilə foto və video çəkilişləri aparılıb, əldə olunan materiallar əsasında rəqəmsal arxiv yaradılıb.

Tədqiqatçıların fikrincə, həyata keçirilən araşdırmalar Azərbaycan və Türkiyə arxeoloqları arasında elmi əməkdaşlığın mühüm mərhələsini təşkil etməklə yanaşı, bölgənin ortaq tarixi-mədəni irsinin öyrənilməsinə, sənədləşdirilməsinə, elmi dövriyyəyə daxil edilməsinə və qorunmasına əhəmiyyətli töhfə verəcək.

Arxeoloji tədqiqatların 2027-ci ildə də davam etdirilməsi nəzərdə tutulur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər