Menyu

İçərişəhərdə ilk Milli Geyimlər Günü qeyd olunub

Operativ Media
İçərişəhərdə ilk Milli Geyimlər Günü qeyd olunub

Sentyabrın 19-da İçərişəhərin Qoşa Qala qapıları yaxınlığında ilk Milli Geyimlər Günü keçirilib.

Operativ Media xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun təşəbbüsü ilə təşkil olunan tədbirin əsas məqsədi Azərbaycan milli geyim irsinin təbliği, tarixi-etnoqrafik dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə diqqət çəkmək olub.

Milli Geyimlər Günü çərçivəsində Bakı Fotoqrafiya Evində elmi-praktik seminar təşkil edilib. Seminarda Azərbaycan milli geyimlərinin tarixi, Səfəvi dövrünün geyim mədəniyyəti, qədim baş geyimləri və arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş geyim nümunələri barədə məruzələr dinlənilib.

“Etnoqrafik Tədqiqatlara Dəstək” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Günay Çapay Həsənova seminarın təşkilatçısı və moderatoru kimi çıxış edib. O, “Səfəvi dövrü Azərbaycan geyim mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edərək həmin dövrə aid geyim və tekstil nümunələri, onların dünyanın müxtəlif muzeylərində qorunması, eləcə də Səfəvi ərazisində istehsal olunan parçaların geyim mədəniyyətinə təsiri barədə məlumat verib.

Seminarda tarix üzrə fəlsəfə doktoru Günel Rəhimlinin “Qızılbaş tacı – Səfəvi baş geyimləri” mövzusunda məruzəsi də təqdim olunub. Məruzədə Səfəvi dövlətində baş geyimlərinin inkişaf mərhələləri, onların dini-ideoloji mahiyyəti, eləcə də hakimiyyət və güc rəmzi kimi formalaşması barədə məlumat verilib.

Digər məruzəçi Aytən Əsədova isə “Arxeoloji tədqiqatlarda qədim geyimlərə aid tapıntılar” mövzusunda çıxış edib. O, Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilən toxuculuq məmulatları, ipək parçalar və geyim qalıqları əsasında qədim geyim mədəniyyətinin xüsusiyyətlərindən bəhs edib. Bu çərçivədə Naxçıvanda Xarabagilan tarixi abidəsindən aşkar edilmiş kiçik qız uşağına aid geyim qalıqları haqqında da məlumat verilib.

Elmi-praktik seminarda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Rüfət Mahmud və qoruğun əməkdaşları da iştirak edib. Tədbir iştirakçıları arasında milli geyim irsinin qorunması və təbliği ilə bağlı fikir mübadiləsi aparılıb.

Milli Geyimlər Günü çərçivəsində, həmçinin milli geyim sərgisi və etno-dəfilə təşkil olunub. İçərişəhərin Qoşa Qala qapıları qarşısında keçirilən nümayişdə müxtəlif bölgələrə məxsus ənənəvi Azərbaycan geyimləri təqdim edilib.

Etno-dəfilədə “Parla Öz Geyim” evinin milli libasları, milli ornamentlərlə işlənmiş jilet və arxalıqlar nümayiş etdirilib. Etnoqraf Günay Çapay Həsənovanın hazırladığı kompozisiya çərçivəsində gənclər bulaq başından su gətirmə, şal bağışlama kimi ənənəvi etnoqrafik səhnələri də canlandırıblar.

“Etnoqrafik Tədqiqatlara Dəstək” İctimai Birliyi Milli Geyimlər Günündə iki istiqamətdə – elmi-praktik seminarın təşkili, moderatorluğu və elmi məruzə ilə, həmçinin etno-dəfilədə “Parla Öz Geyim” kolleksiyasının təqdimatı ilə iştirak edib.

Tədbir Azərbaycan milli geyimlərinin yalnız tarixi irs kimi deyil, müasir dövrdə də yaşadılması və gündəlik həyatın bir hissəsinə çevrilməsi baxımından əhəmiyyətli olub.

Qeyd edək ki, Milli Geyimlər Gününün gələcək illərdə də keçirilməsi və milli geyim irsinin daha geniş şəkildə təbliği nəzərdə tutulur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər