Ümumi təhsil müəssisələrində adambaşına maliyyələşmə prinsipi tətbiq olunacaq
Dövlət ümumi təhsil müəssisələrində 2026‒2027-ci tədris ilindən başlayaraq adambaşına maliyyələşdirmə prinsipi mərhələli şəkildə tətbiq olunacaq.
Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Fərman imzalayıb.
Sənədə əsasən, bu sistem dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan ümumi təhsil müəssisələrində növündən asılı olaraq hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək.
Nazirlər Kabineti adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilən dövlət ümumi təhsil müəssisələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını, eləcə də dövlət büdcəsindən maliyyələşdirilmə və artım əmsalının tətbiq edilməsi qaydalarını bir ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.
Elm və Təhsil Nazirliyi hər növbəti təqvim ili üçün adambaşına maliyyələşdirmə prinsipi ilə maliyyələşdiriləcək məktəblərin siyahısını və təhsilalanların sayını Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək.
Maliyyə Nazirliyi isə Fərmanın icrasından irəli gələn tədbirlərin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin edəcək.
dəqiqələr içində saytın olsun.