Kamran Əliyev: Kibercinayətlərin sayı artır
Azərbaycanda yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin sayı artır.
Operativ Media xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Trend Beynəlxalq İnformasiya Agentliyinə və REAL televiziyasına birgə müsahibəsində deyib.
Baş prokuror bildirib ki, yeni növ cinayətlərə narkotik vasitələrin internet üzərindən qanunsuz satışı, kibercinayətkarlıq və informasiya texnologiyalarından istifadə edilməklə törədilən digər əməllər daxildir.
“Kibercinayətlərin sayı, təəssüf ki, gündən-günə artır”, - deyə Kamran Əliyev qeyd edib.
Onun sözlərinə görə, cinayətkarlar yeni texnologiyaların, o cümlədən süni intellektin imkanlarından istifadə edirlər.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 30-cu fəsli kibercinayətlərə həsr olunub və bu fəsildə üç maddə yer alır. Həmin maddələr informasiya sistemlərinə qanunsuz daxilolma və müdaxilə kimi əməlləri əhatə edir”, - deyə Baş prokuror bildirib.
Kamran Əliyev qeyd edib ki, hazırda törədilən cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə həyata keçirilir.
Baş prokuror vurğulayıb ki, bu vəziyyət prokurorluq və digər hüquq-mühafizə orqanlarının əməkdaşlarının müvafiq sahədə bilik və bacarıqlarını davamlı şəkildə təkmilləşdirməsini zəruri edir.
dəqiqələr içində saytın olsun.