Korrupsiya barədə məlumat verən şəxslər necə müdafiə edilir?
Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozma barədə məlumat verən şəxslərin hüquqları qanunla qorunur, onların işdən çıxarılması, vəzifədən azad edilməsi, təzyiqə məruz qoyulması və qisas məqsədilə cəzalandırılması qadağandır.
Operativ Media xəbər verir ki, korrupsiya ilə əlaqədar hüquqpozma barədə məlumatı hər bir şəxs yazılı, o cümlədən elektron formada və ya şifahi şəkildə verə bilər.
Orqan və qurumların rəhbərləri korrupsiya ilə bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini müəyyən etməli, işçilərin və həmin qurumlarda iş görən və ya xidmət göstərən digər şəxslərin məlumatları qəbul etmək səlahiyyətinə malik subyektlər, bu subyektlərə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara müraciət qaydaları, müraciətə baxılmasının nəticələri və məlumat verən şəxslərin hüquqları ilə tanış olmalarını təşkil etməlidirlər.
Qurum rəhbərləri qurumun strukturu, işçilərinin sayı, fəaliyyət istiqamətləri və iş həcmini nəzərə alaraq korrupsiya ilə bağlı məlumatların qəbul edilməsi və araşdırılması üçün səlahiyyətli struktur bölmə və ya şəxs müəyyən etməlidirlər.
Qurumlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatları həmin səlahiyyətli struktur bölməyə və ya şəxsə verə bilərlər. Bu bölmə və ya şəxs öz funksiyalarını səmərəli yerinə yetirmək üçün fəaliyyətinə qanunsuz müdaxilələri istisna edən zəruri müstəqilliyə malik olmalıdır.
Səlahiyyətli struktur bölmə və ya şəxs işçilərlə bağlı həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqində, insan resurslarının idarə olunmasında və işçilərin qiymətləndirilməsində birbaşa və ya dolayı yolla iştirak etməməlidir. Həmin bölmə və ya şəxs qurum rəhbərləri qarşısında hesabatlılıq və qərəzsizlik tələblərinə uyğun fəaliyyət göstərməlidir.
Korrupsiya barədə məlumat daxil olduqdan sonra səlahiyyətli struktur bölmə və ya şəxs onu qeydə almalı və məlumatın qeydə alınması barədə məlumat verən şəxsə bildiriş verməlidir. Məlumat qeydə alındığı gündən 20 iş günü müddətində araşdırılmalı və araşdırmanın nəticəsi məlumat verən şəxsə bildirilməlidir.
Barəsində məlumat verilən şəxsə, eləcə də araşdırmanın nəticəsində birbaşa və ya dolayı yolla maraqlı olan şəxslərə həmin məlumatın araşdırılması həvalə edilə bilməz.
Əgər korrupsiya barədə məlumat səlahiyyətli struktur bölmə və ya şəxslə bağlıdırsa, məlumat verən şəxs həmin məlumatı müvafiq qurumun rəhbərinə təqdim edə bilər. Rəhbər belə məlumatın qəbul edilməsini, qeydə alınmasını və qanunda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Məlumat qurum rəhbəri ilə bağlı olduqda isə şəxs müraciəti rəhbərdən yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara təqdim edə bilər. Həmin orqanlar məlumatın qəbul edilməsini, qeydə alınmasını və müvafiq tədbirlərin görülməsini təmin etməlidirlər.
Korrupsiya ilə əlaqədar hüquqpozma barədə məlumat verən şəxs özü haqqında məlumatın açıqlanmasını istəmədikdə, səlahiyyətli struktur bölmə və ya şəxs, qurum rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat yalnız məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlana bilər.
Məlumat verən şəxsin konfidensiallığını pozan təqsirli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Korrupsiya barədə məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, təzyiq göstərmək, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağandır.
Məlumat verən işçiyə belə məlumat verdiyinə görə qisas almaq məqsədilə birbaşa və ya dolayı yolla intizam tənbehi tətbiq edilə, əmək müqaviləsinə xitam verilə, işçi vəzifədən azad edilə və ya başqa işə keçirilə bilməz. Həmçinin əməkhaqqından qanunsuz tutulmalar aparılması, işçinin vəzifədə irəli çəkilməsinə və ya həvəsləndirilməsinə aktiv və ya passiv formada maneçilik törədilməsi, mənfi cəhətdən xarakterizə edilməsi və digər bu cür tədbirlərin görülməsi yolverilməzdir.
Məlumat verən şəxs ona qarşı qisas almaq məqsədilə hər hansı tədbirin tətbiq edildiyinə dair dəlillər irəli sürdükdə, həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür.
Qurum rəhbəri həmin tələblərə riayət olunmasını təmin etməli və bu tələblərin pozulması məsuliyyətə səbəb olur.
Hüquqlarının pozulduğunu iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə bilər.
Korrupsiya barədə məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq olunacağı, əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı ilə bağlı real əsaslar olduqda, məlumat verən şəxsin prokurorluğa müraciəti əsasında qanunla müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilir.
Orqanlar, səlahiyyətli struktur bölmələr və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar bu tələbləri pozduqda, məlumat verən şəxs inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.
Lakin korrupsiya ilə bağlı bilə-bilə yalan məlumat verən şəxslərə, eləcə də özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və güzəştlər əldə etmək məqsədilə məlumat verən şəxslərə qanunda nəzərdə tutulan müdafiə tətbiq edilmir.
dəqiqələr içində saytın olsun.