Menyu

İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin əhatə dairəsi genişləndirilib

Operativ Media
İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin əhatə dairəsi genişləndirilib
1 dəq oxu

İşğaldan azad edilmiş ərazilərdə idxalı əlavə dəyər vergisi və gömrük rüsumundan azad edilən texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materiallarla bağlı güzəştlərin tətbiq olunduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb.

Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli qərarı ilə güzəştlərin tətbiq dairəsi genişləndirilib.

Dəyişikliklərə əsasən, güzəştlər aşağıdakı yeni iqtisadi fəaliyyət sahələrini əhatə edir:

- Əczaçılıq məhsullarının istehsalı;

- Bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı;

- Üzümdən şərab istehsalı;

- Elmi tədqiqat və işləmələr;

- Ət, quş əti, balıq və süd məhsullarının emalı və konservləşdirilməsi, həmçinin heyvan yemi istehsalı;

- Heyvandarlıq (iribuynuzlu mal-qara və camışların yetişdirilməsi) və şirin su hövzələrində balıqyetişdirmə;

- Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması.

Qeyd olunub ki, güzəştlər yalnız siyahıda göstərilən iqtisadi fəaliyyət sahələrinə tətbiq edilir. Müvafiq fəaliyyət sahələri və həmin sahələr üzrə idxalı nəzərdə tutulan texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların ümumi siyahısı ilə müvafiq keçid vasitəsilə tanış olmaq mümkündür.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, güzəştlərin əhatə dairəsinin genişləndirilməsi kənd təsərrüfatı, emal sənayesi, əczaçılıq, bərpa olunan enerji və elmi-tədqiqat sahələrində fəaliyyət göstərən sahibkarlar üçün investisiya və istehsal xərclərinin optimallaşdırılmasına, layihələrin iqtisadi səmərəliliyinin artırılmasına və yeni biznes təşəbbüslərinin həyata keçirilməsinə əlavə imkanlar yaradır.

Güzəştlərdən yararlanmaq üçün sənədlərin qəbulu İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Sənədləri Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 155 ünvanına təqdim etmək və ya office@economy.gov.az elektron poçt ünvanına göndərmək mümkündür.

Əlaqəli Xəbərlər