“Everton”un sahibi klubu tam satmağı düşünür
ABŞ-nin “The Friedkin Group” (TFG) şirkəti İngiltərənin “Everton” klubunun tam satışını nəzərdən keçirir.
Operativ Media xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Bildirilib ki, əvvəlcə strateji investorlar axtaran şirkət klubun azlıq payını satmağı planlaşdırsa da, indi nəzarət paketinin satışına da müsbət yanaşır. Bununla belə, TFG yalnız klubun gələcək inkişafını təmin edə biləcək uyğun alıcıya satış etməyə hazırdır.
“Everton” da sahiblərinin klubun gələcəyi ilə bağlı müxtəlif variantları, o cümlədən nəzarət paketinin satışını araşdırdığını təsdiqləyib.
Klubun yaydığı açıqlamada bildirilib ki, TFG “Everton”u satın alarkən komanda həm meydanda, həm də meydandan kənarda ciddi çətinliklərlə, eləcə də maliyyə qeyri-müəyyənliyi ilə üzləşib. Hazırda isə klubun inkişafı üçün möhkəm təməl yaradıldığı və növbəti mərhələnin planlaşdırıldığı qeyd olunub. Şirkət yalnız klubu düzgün idarə edəcəyinə və əldə olunan irəliləyişi davam etdirəcəyinə inandığı tərəflərin təkliflərini nəzərdən keçirəcək.
TFG 2024-cü ilin dekabrında Fərhad Moşiridən “Everton”un səhmlərinin 94 faizini satın alıb. Sövdələşmədən sonra şirkət klubun borclarının əhəmiyyətli hissəsini yenidən maliyyələşdirib və yeni minoritar investorları cəlb edib.
“The Friedkin Group”un portfelinə İtaliyanın “Roma” və Fransanın “Kann” klubları da daxildir.
İngiltərə Premyer Liqasında beş turdan sonra “Everton” 9 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.