Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən amillərdəndir
“Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir”.
Operativ Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, onların sağlam düşüncəli və məsuliyyətli vətəndaş kimi formalaşması dövlətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Komitə sədri vurğulayıb ki, müasir dövrdə internet, sosial media və süni intellekt ideoloji təsirlərin yayılma imkanlarını genişləndirib. Buna görə də gənclərin dini və media savadlılığının artırılması, onların doğru ilə yanlışı, sağlam dini yanaşma ilə xurafatı ayırd edə bilməsi vacibdir.
Ramin Məmmədov qeyd edib ki, Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur. Dini etiqad azadlığı, dünyəvilik və milli-mənəvi dəyərlərə hörmət cəmiyyətdə sabitliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
O, Gənclər və İdman Nazirliyi ilə birgə maarifləndirici proqramların, dini və media savadlılığı üzrə təlimlərin, eləcə də gənclərin milli-mənəvi dəyərlərlə bağlı təşəbbüslərini dəstəkləyən layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Komitə sədri bildirib ki, əsas məqsəd milli kimliyinə bağlı, müasir dünyagörüşlü, müstəqil düşünən və dövlətçilik məsuliyyətini dərk edən Azərbaycan gəncinin yetişdirilməsidir.