Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər
Dünyaşöhrətli MTP (Most Traveled People) klubunun təsisçisi Charles Veleyin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda səfərdə olan dünya səyyahları Ağdərənin Vəngli kəndində yerləşən Gəncəsər Monastır Kompleksini ziyarət ediblər.
Operativ Media AZƏRTAC-a istinadən xəbər verir ki, dünyanın 13 ölkəsindən gələn 40 nəfərlik heyət üzvləri monastırın ərazisinə baxış keçirib və abidə ilə tanış olublar.
Bildirilib ki, Gəncəsər monastırı Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında, Xaçınçayın sağ sahilində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə dünya əhəmiyyətli memarlıq abidəsi (10 inventar nömrəli) kimi dövlət mühafizəsinə götürülüb.
Monastır kompleksinin əsas kilsəsi 1216–1238-ci illərdə Xaçın knyazı Həsən Cəlal Dövlənin təşəbbüsü ilə inşa edilib. Kilsəyə bitişik narteksin əsası isə 1266-cı ildə qoyulub. Gəncəsər uzun müddət Alban katolikosatının mühüm dini mərkəzlərindən biri olub və 1836-cı ilədək son onların iqamətgahı kimi fəaliyyət göstərib.
Kompleks baş kilsə, narteks, qala-mühafizə divarları, rahib hücrələri, yaşayış və təsərrüfat tikililərindən ibarətdir. Baş kilsə xaçvari-günbəzli kompozisiyaya malikdir və zəngin oyma ornamentlər, barelyeflər və epiqrafik yazılarla bəzədilib.
1993–2023-cü illərdə abidə işğal altında qaldığı dövrdə kompleksdə müxtəlif qanunsuz bərpa və yenidənqurma işləri aparılıb. Əldə edilmiş materiallara əsasən, abidənin tarixi mühitinə və memarlıq xüsusiyyətlərinə ciddi müdaxilələr olunub, o cümlədən 286 qəbrin yeri dəyişdirilib, mühafizə divarları müasir daş plitələrlə üzlənib, narteks və məbəddə qapı-pəncərə elementləri yenilənib, döşəmə, altar və bir sıra dekorativ hissələrə müdaxilə edilib. Kompleksin ətrafında yeni inzibati və seminariya təyinatlı tikililərin inşası nəticəsində abidənin tarixi mühiti əhəmiyyətli dərəcədə dəyişdirilib.