Valdas Dambrauskas: Oyunların təxirə salınması lazım deyil
Azərbaycan Premyer Liqasının VII turunun mərkəzi qarşılaşmalarından biri "Neftçi" və "Sabah" komandaları arasında baş tutub. Səfərdə mübarizə aparan "Bayquşlar" rəqibi ilə qolsuz bərabərliyə imza atıblar – 0:0.
Operativ Media xəbər verir ki, matçdan sonra baş tutən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.
Oyunun nəticəsini şərh edən litvalı mütəxəssis bu mərhələdə xal itkisi və ya qazancı barədə danışmağın tez olduğunu bildirib:
"Cəmi 6 oyun keçirmişik, qarşıda 27 matçımız var. İki güclü komanda qarşılaşdı. Oyun bir az çirkin oldu, gözəl oyun görmək istəyərdik. Fasilədən sonra oyunçular ritmi itirirdilər, çünki bəziləri bizimlə cəmi bir məşq keçirmişdi. İndi çalışmalıyıq ki, ritmimizi geri qaytaraq və "Slaviya" ilə çətin oyuna hazırlaşaq".
Çempionlar Liqası matçından öncə qarşılaşmanın təxirə salınmamasını səbəbkar baş məşqçi belə izah edib:
"Bu, mümkün deyil və lazım da deyil. Təxirə salsaq, gərək "Borussiya", "Barselona" ilə matçlardan əvvəl də oyunlarımızı təxirə salaq. Heyətimiz kifayət qədər genişdir və mübarizə apara bilərik".
Milli fasilədə yoxlama görüşü keçirməmələrinə və Umarali Raxmonaliyev, Aleksey İsayev ilə Coy-Lens Mikelsin start heyətində yer almamasına toxunan Dambrauskas bildirib ki, o, hər zaman fasilə zamanı özü ilə qalan və prosesə nəzarət etdiyi oyunçulara üstünlük verir:
"Milliyə gedənlər yorğun ola bilərlər. Sol cinah müdafiəçimiz Timoteuş Puxaç xaric, start heyətində olan hər kəs fasilədə bizimlə məşq etmişdi".
Komandanın avrokubok yükünün artmasına münasibət bildirən çalışdırıcı ötən illə müqayisə aparıb:
"Ötən mövsüm çempionatın ilk turlarında 5 xal itirmişdik, bu mövsüm isə 6 turdan sonra cəmi 2 xal itirmişik. Şikayət edə bilmərik, bu, bizim üçün böyük xəyal idi".
Matçın qəhrəmanı olaraq qapıçı Stas Pokatilovun göstərilib-göstərilməyəcəyi ilə bağlı suala isə baş məşqçi qısaca: "Oyunların qəhrəmanları barədə siz özünüz qərar verirsiz," – deyə cavab verib.