Menyu

Mərkəzi Bank kredit verilməsi qaydalarını dəyişib

Xəbərlər redaksiyası
Mərkəzi Bank kredit verilməsi qaydalarını dəyişib
1 dəq oxu

Azərbaycan Mərkəzi Bankı bankların kredit verərkən nəzərə almalı olduğu bir sıra qaydalara dəyişiklik edib. Yeniliklər zaminin gəlirinə, borcalanın gəlirlərinin yoxlanılmasına və nisyə satışla məşğul olan şəxslərə verilən kreditlərə aiddir.

Operativ Media xəbər verir ki, qərara əsasən, istehlak krediti götürən şəxsə zamin durulduqda, zaminin borcunun gəlirinə nisbəti 70 faizdən çox olmamalıdır. Yəni zaminin kreditlər üzrə borc yükü onun gəlirinin 70 faizini keçməməlidir.

Bu tələb yeni qayda qüvvəyə mindikdən sonra yaranan kredit öhdəliklərinə tətbiq ediləcək.

Digər dəyişikliyə görə, borcalanın gəliri rəsmi sənədlər və ya dövlət informasiya sistemlərindəki məlumatlar əsasında müəyyən edilə bilirsə, bank həmin şəxs üçün gəliri davranış modeli vasitəsilə proqnozlaşdıra bilməyəcək.

Gəliri təsdiqləyən sənədlərə əməkhaqqı arayışı, pensiya və müavinətlərin ödənilməsi barədə məlumat, depozitlərdən əldə olunan faiz gəlirlərini təsdiqləyən bank arayışı və digər müvafiq sənədlər daxildir.

Nisyə satışla məşğul olan şirkət və fərdi sahibkarlarla bağlı da yeni tələb müəyyən edilib. Onların nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka verdiyi məlumatlar kredit bürolarına təqdim edilən məlumatlarla müqayisə olunacaq. Göstəricilərdən hər hansı biri üzrə uyğunluq 90 faizdən aşağı olarsa, bu hal aktivlərin təsnifləşdirilməsi zamanı nəzərə alınacaq.

Qərarla bankların kredit risklərini idarə etməsi ilə bağlı qaydalara da dəyişiklik edilib. Həmçinin model əsasında verilmiş və son 12 ayda balansdan silinmiş kreditlərlə bağlı müddəaya əlavə olunub.

Dəyişikliklər noyabrın 10-dan qüvvəyə minəcək.

Əlaqəli Xəbərlər