Montella: “Türkiyə həmişə qəlbimdə xüsusi yer tutacaq”
İtaliyalı baş məşqçi Vinçentso Montella oktyabrın 9-da vəzifəsindən uzaqlaşdırıldığı Türkiyə millisi ilə vidalaşıb.
Operativ Media xəbər verir ki, 52 yaşlı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edərək Türkiyə Futbol Federasiyasına, futbolçulara, məşqçi heyətinə və azarkeşlərə təşəkkürünü bildirib.
Montella Türkiyə millisinin baş məşqçisi kimi fəaliyyət göstərməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb. O, üç il əvvəl bu vəzifəyə təyin olunduğunu xatırladaraq, keçmiş federasiya prezidenti Mehmet Büyükekşi və onun komandasına göstərdikləri etimada görə minnətdarlığını ifadə edib.
İtaliyalı məşqçi futbolçuların fədakarlığını, zəhmətini və komandaya bağlılığını xüsusi qeyd edib. O, vəzifəsindən ayrıldıqdan sonra oyunçulardan aldığı səmimi mesajların aralarındakı möhkəm münasibətin göstəricisi olduğunu bildirib.
Montella məşqçi heyətinə, Türkiyə Futbol Federasiyasının hazırkı prezidenti İbrahim Ethem Hacıosmanoğluna və federasiyaya da təşəkkür edib. O, xüsusilə dünyanın müxtəlif yerlərində komandaya dəstək verən azarkeşlərin rolunu vurğulayıb.
Mütəxəssis Türkiyə millisi ilə birlikdə unudulmaz anlar yaşadıqlarını, tarixi uğurlara imza atdıqlarını və çətinlikləri geridə qoyduqlarını qeyd edib. O, Türkiyə xalqından gördüyü münasibəti və bu müddət ərzində yaşadığı xatirələri daim qəlbində saxlayacağını bildirib.
Montella məşqçinin fəaliyyətinin yalnız nəticələr və qazanılan kuboklarla ölçülmədiyini, onun ölkədən ayrıldıqdan sonra necə xatırlanmasının da uğurları qədər əhəmiyyətli olduğunu vurğulayıb.
O, futbolçuları və məşqçi heyəti ilə birlikdə azarkeşlərə yaşatdıqları emosiyaların Türkiyə xalqının yaddaşında sevgi və hörmətlə qalacağına ümid etdiyini bildirib.
“Türkiyəyə təşəkkür edirəm! Bu ölkə həmişə qəlbimdə xüsusi yer tutacaq”, – deyə Montella paylaşımında yazıb.