Deputat: İran sosial şəbəkələr vasitəsilə Azərbaycanda dini radikalizmi təşviq etməyə çalışır
İran Azərbaycanda dini amildən istifadə etməklə milli birliyə təsir göstərməyə və ölkənin zəifləməsinə nail olmağa çalışır.
Operativ Media xəbər verir ki, bunu deputat Hikmət Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra müxtəlif dini radikal cərəyanlar ölkəyə daxil olmağa başlayıb. Deputat iddia edib ki, həmin cərəyanlar arasında İranın məzhəbçilik siyasəti xüsusilə genişmiqyaslı və təhlükəli olub.
H.Məmmədov bildirib ki, bu siyasətin məqsədi Azərbaycanda radikal məzhəbçilik düşüncəsini gücləndirmək, vətəndaşların öz dövlətinə bağlılığını zəiflətmək və onların mənsubiyyət hissini İrana yönəltməkdir.
Deputat işğal dövründə Azərbaycan ərazilərində dini abidələrin dağıdılması məsələsinə də toxunub. O, İranın həmin hadisələrə münasibətini tənqid edib, həmçinin İrəvandakı Göy məscidin təmirini və orada imam təyin edilməsini bu kontekstdə qiymətləndirib.
H.Məmmədov, həmçinin Dördgünlük müharibə zamanı İranın Ermənistana silah-sursat göndərdiyini və 2022-ci ilədək İran yük avtomobillərinin Xankəndidə olduğunu iddia edib.
Deputatın fikrincə, İranın Azərbaycana münasibətdə siyasətinin səbəblərindən biri müstəqil Azərbaycanı İranda yaşayan azərbaycanlılar üçün nümunə hesab etməsidir. O bildirib ki, Azərbaycanın müstəqil dövlətçiliyi, dili, mədəniyyəti və milli kimliyi İrandakı azərbaycanlılar üçün motivasiya mənbəyidir.
H.Məmmədov qeyd edib ki, Azərbaycanda dini və milli birliyin qorunması üçün maarifləndirmə işləri gücləndirilməlidir. Onun sözlərinə görə, vətəndaşlar dini təbliğat adı altında milli həmrəyliyi pozmağa yönələn çağırışların mahiyyətini anlamalıdırlar.
Deputat sosial şəbəkələrdə İranı və radikalizmi təbliğ edən, Azərbaycan vətəndaşlarını itaətsizliyə çağıran şəxslərlə bağlı hüquqi tədbirlərin görülməsinin vacibliyini də vurğulayıb. O hesab edir ki, bu cür hallara qarşı mübarizə mövcud qanunvericilik çərçivəsində aparıla bilər.
H.Məmmədov sosial şəbəkələrdə dini amildən istifadə etməklə dövlətə qarşı çıxışların təşkil olunmasını Nardaran hadisələri ilə müqayisə edib. O bildirib ki, dini inanc adı altında dövlətə qarşı üsyana çağırış edən şəxslərlə bağlı qanunvericiliyin tələbləri tətbiq olunmalıdır.
Deputat əlavə edib ki, onun bu fikirləri dindarlara deyil, dini inancdan istifadə edərək Azərbaycan dövlətinə qarşı çıxış edən və çağırışlar yayan şəxslərə aiddir.