Xəstəlik cavanlaşır: diabet riskini artıran 10 vərdiş
Şəkərli diabet riskini artıran bir sıra zərərli vərdişlər var. Bu vərdişlər xəstəliyin yaranma ehtimalını artırmaqla yanaşı, artıq diabetdən əziyyət çəkən şəxslərdə xəstəliyin gedişini də ağırlaşdıra bilər.
Bu sözləri Operativ Media-ya endokrinoloq Samirə Süleymanova deyib.
O bildirib ki, qeyd olunan məqamlar əsasən ikinci tip şəkərli diabetə aiddir. Çünki birinci tip şəkərli diabet autoimmun mənşəli olduğundan, sadalanan vərdişlər xəstəlik yarandıqdan sonra onun gedişinə təsir göstərsə də, xəstəliyin yaranma riskini artırmır:
“Bu baxımdan, ilk növbədə, qida zamanı və qidadan sonra qazlı, şəkərli içkilərdən istifadəni qeyd etmək lazımdır. Eyni zamanda, tez emal olunan, yəni fast-food məhsullarının, eləcə də rafinə edilmiş qidaların müntəzəm istehlakı da sağlamlığa mənfi təsir göstərir. Digər mühüm amillərdən biri hərəkətsiz həyat tərzi keçirmək və idmanla məşğul olmamaqdır.
Yuxu rejiminin pozulması, gec yatmaq, az və keyfiyyətsiz yuxu da diabet riskinə təsir edən amillərdəndir. Bununla yanaşı, səhər yeməyini tez-tez ötürmək, yüksək kalorili və karbohidratlarla zəngin qidaları nizamsız və vaxtsız qəbul etmək də düzgün qidalanma vərdişlərinin pozulmasına səbəb olur.
Zərərli vərdişlər sırasında spirtli içkilərdən istifadə və siqaret çəkmək də xüsusi qeyd olunmalıdır. Həmçinin bədən çəkisinə nəzarət etməmək, artıq çəkinin yaranmasına şərait yaratmaq, maddələr mübadiləsinin pozulmasına laqeyd yanaşmaq da riskləri artırır. Xüsusilə insulin müqaviməti, dislipidemiya və digər metabolik göstəricilərə nəzarət edilməməsi sağlamlıq üçün əlavə təhlükə yaradır.
Bundan başqa, profilaktik müayinələrdən yayınmaq, zəruri hallarda müalicəyə laqeyd yanaşmaq da düzgün deyil. Stress, xroniki gərginlik və uzunmüddətli iş rejimi də orqanizmə mənfi təsir göstərən amillər sırasındadır”.