Menyu

Deputat: Qarabağın iqtisadiyyatı Zəfərdən sonra 4 dəfə böyüyüb

Operativ Media
Deputat: Qarabağın iqtisadiyyatı Zəfərdən sonra 4 dəfə böyüyüb
1 dəq oxu

“Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 100 minə yaxın vətəndaşımız yaşayır, işləyir və təhsil alır”.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, hazırda həmin ərazilərdə yaşayanların 41 213 nəfəri daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Onun sözlərinə görə, ən çox məskunlaşma Ağdam rayonunda qeydə alınıb. Belə ki, rayonda 8 300 nəfər, Cəbrayılda isə 7 112 keçmiş məcburi köçkün məskunlaşıb.

Vüqar Bayramov qeyd edib ki, Böyük Qayıdışla bağlı birinci Dövlət Proqramının icrası bu il başa çatacaq, 2027–2030-cu illəri əhatə edən növbəti Proqramın icrasına başlanılacaq. O bildirib ki, növbəti aylarda və 2027-ci ildə işğaldan azad edilmiş ərazilərdə kütləvi məskunlaşma gözlənilir və hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdunda ev təklif olunacaq.

Deputatın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpasına indiyədək dövlət büdcəsindən 26 milyard manat vəsait ayrılıb. Bu ərazilərdə ümumi uzunluğu 3 720,5 kilometr olan 64 adda avtomobil yolunun tikintisi aparılır, 1 338 kilometr uzunluğunda 17 yolun tikintisi isə artıq başa çatdırılıb. Həmçinin strateji əhəmiyyətli üç beynəlxalq hava limanı istifadəyə verilib.

Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyev ötən müddətdə işğaldan azad edilmiş ərazilərə 600 dəfədən çox səfər edib, 180-dən çox layihənin təməlini qoyub və 170-dən çox obyektin açılışında iştirak edib.

Deputat Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına da toxunub. O qeyd edib ki, Zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4 dəfə böyüyərək 6 milyard manata çatıb. Şərqi Zəngəzurun iqtisadiyyatı isə 30 dəfə artaraq 4 milyard manatı ötüb.

Əlaqəli Xəbərlər