“Sülh körpüsü” təşəbbüsündə beş istiqamət üzrə komitələr fəaliyyət göstərəcək
“Sülh körpüsü” təşəbbüsünün İrəvanda keçirilən beşinci müzakirə raundunda ekologiya, iqtisadiyyat, infrastruktur, humanitar məsələlər və media üzrə tematik komitələrin yaradılması nəzərdə tutulub.
Operativ Media xəbər verir ki, bunu təşəbbüsün iştirakçısı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov görüşün nəticələri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, budəfəki görüş əvvəlki müzakirələrdən fərqli olaraq, ümumi dialoqla yanaşı, konkret sahələr üzrə işin aparılmasını da əhatə edir.
Məmmədovun sözlərinə görə, tərəflər növbəti mərhələdə atıla biləcək addımları, dövlətlərə təqdim olunacaq təklifləri və mövcud fikir ayrılıqlarının aradan qaldırılması yollarını müzakirə edirlər.
Görüşlərdə, həmçinin sülh gündəliyinin genişləndirilməsi imkanları nəzərdən keçirilir.
O, təşəbbüsün mühüm tərəflərindən birinin vətəndaş cəmiyyəti nümayəndələri ilə dövlət rəsmiləri arasında birbaşa ünsiyyətin qurulması olduğunu vurğulayıb.
“Bizim dialoqumuz səmimi söhbət və bəlkə də həssas məsələlərin müzakirəsidir. Artıq elə bir mərhələyə çatmışıq ki, qapalı mövzularımız yoxdur. Bir-birimizə suallar verə və cavablar ala bilirik”, – deyə Məmmədov qeyd edib.
O, görüş zamanı iştirakçıların Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyana iki saat ərzində suallar ünvanladığını da bildirib.