Menyu

Çin şirkətləri ilə Azərbaycanda Günəş və dəniz külək enerjisi layihələri müzakirə edilib

Operativ Media
Çin şirkətləri ilə Azərbaycanda Günəş və dəniz külək enerjisi layihələri müzakirə edilib
1 dəq oxu

Çinin Çindao şəhərində “Kəmər və Yol” təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazovla “PowerChina Group”un icraçı vitse-prezidenti Chen Guanfu və “China Datang Corporation Ltd.” şirkətinin sədr müavini Li Xiaofei arasında görüşlər keçirilib.

Energetika Nazirliyindən Operativ Media-ya bildirilib ki, “PowerChina”nın icraçı vitse-prezidenti Chen Guanfu ilə görüşdə Günəş elektrik stansiyası və Xəzər dənizinin Azərbaycan sektorunda “SOCAR Green”, “China Datang” və “PowerChina Resources Limited”in iştirakı ilə nəzərdə tutulan dəniz külək enerjisi layihələrinin icrasının cari vəziyyəti və inkişafı istiqamətində növbəti addımlar müzakirə edilib. Görüşdə dəniz külək enerjisinin Azərbaycanla Avropa arasında elektrik enerjisi bağlantılarının inkişafı baxımından əhəmiyyəti qeyd olunub.

“China Datang” şirkətinin sədr müavini Li Xiaofei ilə görüşdə isə Azərbaycanda quruda Günəş elektrik stansiyası layihəsinin hazırlıq vəziyyəti nəzərdən keçirilib. Layihə üçün ayrılmış torpaq sahəsində tədqiqatların başa çatdırıldığı və texniki-iqtisadi əsaslandırmanın hazırlandığı bildirilib. Xəzər dənizinin Azərbaycan sektorunda dəniz külək enerjisi layihəsi üzrə də əməkdaşlıq məsələlərinə toxunulub. İri dəniz külək enerjisi layihələrinin inkişafı və istehsal olunacaq elektrik enerjisinin ixracı üçün yeni transsərhəd elektrik bağlantılarının əhəmiyyəti qeyd edilib.

Fotogalereya

Əlaqəli Xəbərlər