Rasim Abdurazaqov: Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı azalıb
Ölkə üzrə dövlət büdcəsi hesabına maliyyələşdirilən məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı son illərdə azalıb.
Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunan “Dərsliklərin məzmunu” mövzusunda ARTİ-nin Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov məlumat verib.
Onun sözlərinə görə, 2021/2022-ci tədris ilində dövlət büdcəsi hesabına maliyyələşdirilən məktəbəhazırlıq qruplarına 100 529 uşaq cəlb olunub. 2022/2023-cü tədris ilində bu göstərici 90 666, 2023/2024-cü ildə 87 569, 2024/2025-ci ildə 90 732, 2025/2026-cı tədris ilində isə 86 395 olub.
Növbəti tədris illəri üzrə ümumi göstəricilərə əsasən, məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 2022/2023-cü ildə 151 560, 2023/2024-cü ildə 136 947, 2024/2025-ci ildə 134 000, 2025/2026-cı ildə 131 815, 2026/2027-ci tədris ilində isə təxminən 124 000 təşkil edib.
Məktəbəhazırlıq qruplarından birinci sinfə gələn uşaqların xüsusi çəkisi 2022/2023-cü tədris ilində 66,3 faiz, 2023/2024-cü ildə 66,2 faiz, 2024/2025-ci ildə 65,4 faiz, 2025/2026-cı ildə 68,9 faiz, 2026/2027-ci ildə isə təxminən 69,7 faiz olub.