Menyu

Zaur İsayev: Dərsliklər bir neçə mərhələli ekspertizadan və ictimai müzakirədən keçirilir

Nicat Hüseynli
Zaur İsayev: Dərsliklər bir neçə mərhələli ekspertizadan və ictimai müzakirədən keçirilir
1 dəq oxu

Dərsliklərin hazırlanması mürəkkəb və çoxmərhələli prosesdir. Bu prosesdə kurikulumun tələbləri, şagirdlərin öyrənmə xüsusiyyətləri və beynəlxalq təcrübə nəzərə alınır. Hazırlanan dərsliklərdə müəyyən səhvlərin qalması ehtimalı olsa da, onların aşkarlanması və aradan qaldırılması üçün bir sıra yoxlama mexanizmləri tətbiq olunur.

Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində “Dərsliklərin məzmunu” mövzusunda riyaziyyat dərsliklərinin layihə rəhbəri və həmmüəllifi Zaur İsayev məlumat verib.

Onun sözlərinə görə, dərsliklərin məzmunu müvafiq təhsil proqramları və kurikulumlar əsasında müəyyənləşdirilir. Müəlliflər bu sənədlərdə nəzərdə tutulan tələblərə uyğun olaraq mövzuların hansı sinifdə və hansı ardıcıllıqla tədris ediləcəyini, eləcə də istifadə olunacaq metodik yanaşmaları hazırlayırlar.

Z.İsayev bildirib ki, dərsliklərin yoxlanılması üçün əvvəlcə ikiillik pilot mərhələsi, daha sonra isə Təhsil Nazirliyinin təşkil etdiyi çoxmərhələli ekspertiza prosesi həyata keçirilir. Ekspertlər dərsliklərin kurikuluma uyğunluğunu, məzmunun dəqiqliyini və mövzuların ardıcıllığını qiymətləndirirlər.

O qeyd edib ki, ekspert rəyləri müəlliflər tərəfindən ayrı-ayrılıqda nəzərdən keçirilir. Qəbul edilən iradlar əsasında dərsliklərə düzəlişlər edilir, qəbul olunmayan təkliflər isə əsaslandırılır. Mübahisəli məsələlər əlavə rəy alınması üçün Dövlət İmtahan Mərkəzinə, Elmlər Akademiyasına, elmi-tədqiqat institutlarına, universitetlərə və məktəblərə göndərilir.

Bundan sonra təkmilləşdirilmiş dərsliklər trims.edu.az saytında və elektron dərslik portalında ictimai müzakirəyə çıxarılır. Müzakirələrdə müəllimlər, valideynlər, universitet və elmi müəssisələrin nümayəndələri, eləcə də jurnalistlər iştirak edə bilirlər.

Z.İsayevin sözlərinə görə, ictimai müzakirə zamanı daxil olan rəylər müəllif heyətinə, nazirliyə və ekspertlərə təqdim olunur. Bütün iradlar nəzərdən keçirildikdən və müvafiq düzəlişlər edildikdən sonra dərsliklər təsdiqlənir. Nazirliyin verdiyi qrif isə onların çapına və məktəblərdə istifadəsinə icazə deməkdir.

O vurğulayıb ki, bu qədər yoxlama mərhələsinə baxmayaraq, dərsliklərdə müəyyən səhvlərin qalması mümkündür. Belə halların aşkarlanması və aradan qaldırılması üçün ictimaiyyətin, xüsusilə müəllim və valideynlərin iştirakı əhəmiyyətlidir.

Əlaqəli Xəbərlər