Menyu

“Kəlağayının hər naxışında bir tarix, bir xalqın yaddaşı yaşayır” - Deputat

Ayşən Sadıxzadə
“Kəlağayının hər naxışında bir tarix, bir xalqın yaddaşı yaşayır” - Deputat
1 dəq oxu

26 noyabr – Azərbaycan Kəlağayısı Gününü qeyd etmək, əslində, milli mədəniyyətimizin köklərinə, tariximizin incə və zərif qatlarına ehtiram göstərmək deməkdir. Kəlağayı bizim üçün sadəcə bir geyim elementi, baş örtüyü deyil. O, xalqımızın estetik düşüncəsini, zövqünü, dünyagörüşünü, qadınlarımızın incəliyini və nəsildən-nəslə ötürülən zəngin sənət ənənələrini özündə yaşadan milli-mənəvi dəyərimizdir.

Bu sözləri Operativ Media-ya deputat Elnarə Akimova deyib.

O bildirib ki, 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu sənətin beynəlxalq səviyyədə tanınması baxımından mühüm hadisə idi:

“Bu, həm də Azərbaycanın zəngin mədəni irsinə verilən yüksək qiymət, milli sənətkarlıq ənənələrimizin dünya mədəniyyət xəzinəsində özünəməxsus yer tutmasının təsdiqidir.

Kəlağayının hər bir naxışında, rəngində, ilməsində bir tarix, bir məna, bir xalqın yaddaşı yaşayır. Onun hazırlanması xüsusi ustalıq, səbir və zövq tələb edir. Bu sənət əsrlər boyu qorunaraq bu günümüzə gəlib çatıbsa, deməli, xalqımız öz mədəni irsinə sahib çıxmağı, onu yaşatmağı bacarıb. Mən hesab edirəm ki, milli-mənəvi dəyərlərin qorunması yalnız keçmişə ehtiram göstərməklə məhdudlaşmamalıdır. Əsas məsələ bu dəyərləri müasir dövrün tələblərinə uyğun yaşatmaq, gənc nəslə sevdirmək və gələcək nəsillərə ötürməkdir. Kəlağayı sənətinin təbliği, ustaların əməyinin dəstəklənməsi, bu sənətə marağın artırılması istiqamətində görülən işlər milli irsimizin davamlılığını təmin edən mühüm amillərdir.

Bu gün Azərbaycan kəlağayısı həm milli kimliyimizin ifadəsi, həm də ölkəmizin dünyaya təqdim etdiyi mədəniyyət nişanələrindən biridir. Biz bu sənəti qorumaqla yalnız bir ənənəni deyil, tariximizi, yaddaşımızı və milli ruhumuzu qoruyuruq.

Kəlağayımız yaşadıqca, onun naxışlarında yaşanan tariximiz, milli kimliyimiz və mədəniyyətimiz də yaşayacaq”.

Əlaqəli Xəbərlər