Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 8 Noyabr - Zəfər Günü və Mərkəzin yaradılmasının 1 illiyinə həsr olunan tədbir keçirilib.
"Operativ Media' xəbər verir ki, tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, millət vəkilləri, Vətən müharibəsi veteranları, incəsənət xadimləri iştirak edib. İştirakçılar ilk növbədə mərkəzin benefisiarlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Onlara “Xarıbülbül” döş nişanları təqdim edilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfərdən bəhs edib. 44 günlük qəhrəmanlıq salnaməmizin zirvəsi olan 8 Noyabr - Zəfər Gününün xalqımız üçün sonsuz qürur mənbəyi olduğunu bildirib. Nazir həmçinin dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı görülən sosial dəstək tədbirləri barədə məlumat verib.
Qeyd edilib ki, bir il əvvəl Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də həssas qruplara, o cümlədən, şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə dəstək sahəsində həyata keçirilən fəal dövlət siyasətinin növbəti təzahürüdür.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu inklüziv məkanda əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, digər həssas qruplardan olan insanlara onların yaradıcı potensialının inkişafı və cəmiyyətə inteqrasiyası üçün xidmətlər göstərilir.
Mərkəz 121 nəfərlik auditorium, müxtəlif peşə-yaradıcılıq otaq və studiyaları, kitabxana, inzibati otaqlar, yeməkxanadan və s. ibarətdir. Burada rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, tikmə, bədii oyma, floristika, landşaft dizaynı, səhnə ifaçılığı və digər istiqamətlərdə təlimlər təşkil olunur.
Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Kamera Orkestri və Azərbaycan Dövlət Nəfəs Alətləri orkestrinin birgə hazırladığı konsert proqramı ilə davam edib.
Mərkəzin benefisiarları və təlimçilərinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri, xor və rəqs nömrələri təqdim olunub.
Orkestrlərə Mərkəzin musiqi istiqaməti üzrə təlimçisi, professor Məleykə Əhədzadə və I Qarabağ Müharibəsi veteranı, əməkdar incəsənət xadimi Əlibala Rzayev dirijorluq edib.
Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin himni ilk dəfə təqdim olunub. Mərkəzin vokal xor ansamblının ifasında səsləndirilən himnin sözləri Londonda yaşayan həmyerlimiz Nərgiz Eldarovaya, musiqisi Mərkəzin təlimçisi, bəstəkar-pianoçu Gülsüm Eldarovaya məxsusdur.